Marneuli bağçaları tövsiyələri gözləyir
Uşaq bağçalarında tədris prosesinin bərpası üçün protokolun hazırlanması prosesi aparılır. Mümkündür ki, qrupda 5 kv.m sahəyə 1 uşaq buraxsınlar. Bu barədə protokolun iş versiyasında qeyd olunub və ona əsasən məktəbəqədər təhsil müəssisələri prosesə başlaya biləcək. Əmək Şərtlərinin Müfəttişlik Departamentinin nümayəndəsi Ketevan Dartsmelia İPN-lə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə uşaq bağçalarının nümayəndələri ilə protokola yazılacaq tənzimləmələrlə bağlı məsləhətləşmələr aparılır. Marneuli 3 saylı uşaq bağçasının direktoru Ketevan Minadze də gözləmə rejimindədir və bağçada uşaqlara necə nəzarət edəcəklərini müəyyənləşdirməkdə hələ çətinlik çəkir.

“Burada bir uşağa 2-2,5 kv.metr müəyyən edilib, əvvəl belə tələb də var idi. Bugünkü vəziyyətə görə mümkündür ki, gündə iki dəfə dezinfeksiya işləri aparılsın. Döşəməni, mebeli, oyuncaqları təmizləyərik. Yəni səhər uşaq gələndə qrupdakı hər şey təmiz olacaq. Məni narahat edən yalnız odur ki, uşaqların əlini yuyuruq, bunun üçün isti suyumuz da var, ancaq uşaqlar oyuncaqları ağızlarına aparırlar və bilmirəm buna necə nəzarət edəcəyik. Bəlkə yalnız taxtadan olan oyuncaqları saxlayaq və yumşaqları götürək. Hələ dəqiq bilmirəm, hazırlıq prosesindədir, yəqin ki, avqustun sonunda necə hərəkət edəcəyimizi biləcəyik. Yəqin uşaqların sayı da azalacaq. Biz hər şeyə hazırıq.”

Əmək şəraiti müfəttişliyi departamentinin nümayəndəsinin sözlərinə görə, təhsil prosesinin bərpasında termoskrininq mütləq vacib olacaq. İş versiyasına əsasən qruplar elə yığılmalıdır ki, uşaqları aparan zaman dəstələr bir-biri ilə qarşılaşmasınlar. Bayırda gəzinti zamanı isə uşaqlar elə bölünməlidir ki, bir qrup gəzintini bitirəndə digəri çıxsın. Dezinfeksiya etmək vacib olacaq. Dayələr dezinfeksiya məhlulu ilə təmizlənəcək oyuncaqlardan istifadə etməlidirlər.



"Marneuli" Radiosu
Print