Xəbərlər
2008-ci il avqust müharibəsindən 12 il ötməsinə baxmayaraq ehtiyatda olan hərbçi Abxaziya və Osetiyanı azad etmək üçün hazır olduğunu deyir (FOTO)
2008-ci il müharibəsindən 12 ötür. Rus güllələri 224 nəfər mülki şəxs, 14 nəfər Daxili İşlər Nazirliyi əməkdaşı və 170 nəfər Müdafiə Nazirliyi hərbçisinin – o cümlədən 22 zabit, 133 kapral və serjant, 10 ehtiyatda olan hərbçi, 3 könüllü və bir sıravi əsgərin həyatına son qoydu. Ən çox itkini isə silahlı qüvvələrin IV piyada briqadası verdi.

Marneuli rayonun Kürtlər kəndində yaşayan Roman Hüseynov da 2008-ci il müharibəsində iştirak edib. Müharibə dövrünü necə xatırlayır. Onunla yazdığımız müsahibəni sizə təqdim edirik.

– İlk olaraq sizi salamlayıram. Özünüzü təqdim edərdiniz?

– Mən Hüseynov Roman Nəriman oğlu 1985-ci ilin 15 avqustunda anadan olmuşam. Mən Marneuli rayonun Kürtlər kəndinənəm. Məktəbi Kürtlər məktəbində bitirmişəm. 9-cu sinfə qədər oxumuşam.

– Neçənci ildə hərbi xidmətə getmisiniz?

– 2005-ci ildə hərbi xidmətə getmişəm. 2009-cu ildə isə hərbi xidməti bitirmişəm.

– Sizin üçün hərbi xidmətdə olmaq çətin deyildi ki?

– Hərbi xidmətdə olmaq mənim üçün çətin deyildi. Mənim özüm vətənpərvər biriyəm. Həm ana dilim olan Azərbaycan dilində gözəl bilirəm, həm də gözəl gürcü dilində bilirəm. Mənim üçün çətin olmadı.

– Onda keçək müharibə dövrünə. Bilirik ki, 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi oldu. Bu müharibə dövründə necə oldu ki, siz müharibəyə qoşuldunuz? Bir az o dövrdən danışardınız?

– Həmin vaxt 20 günlük hərbi xidmətdən evə gəlmişdim. O dövrdə də müharibə oldu. Eşidən vaxt mənə zəng gəlməmişdi. Mən getdim, könüllü yazıldım. Könüllü dəstə ilə getdim. Sonra Tsxinvalidə də öz hərbçi dostlarıma qovuşdum. Mən gedən vaxt döyüşlər gedirdi. Döyüşlər Tsxinvalidə deyil, kəndlərdə olurdu. İndi həmin kəndlər yadımda deyil. Nikozi kəndi var idi. Gözəl kənd var idi. İndiyə kimi o da mənim çox yadımda qaldı. Mən yenə də istəyərdim ki, o kəndləri görüm. Çünki oranın da öz gözəlliyi var. Təbiəti çox gözəl idi. Bir kənd də var idi, Leasxueoba deyirdilər. Həm dağlıq ərazi idi, həm də meşəlikdi. Elə birinci döyüşüm Leasxueobada başladı. Sonrada Tsxinvalinin özündə.

– Müharibələri kinolarda görürük. Döyüş necə gedir? Amma canlı həyatda görməmişik. Siz bu müharibəni canlı olaraq gördünüz. Müharibədən danışardınız.

– Birincisi, kim desə ki, mən qorxmuram, mən elə şeyə inanmaram. Çünki bir neçə gün hamı qorxu içində olur. O qorxunu, sadəcə, keçmək lazımdır. Addımlamaq lazımdır. Sadəcə o qorxu get-gedə insanın özündə azalır. Mən elə başa düşürəm.

– Düşmənlə qarşı-qarşıya gələndə necə hərəkət edirdiniz?

– Düşmənlə qarşı qarşıya gələndə məndə, döyüş yoldaşlarımda elə bir ruh yüksəkliyi var idi ki, torpaqlarmızı azad etməliydik. Orda hamı bilirdi ki, bizim hamımız bura döyüşə gəlmişik. Bir qorxu yox idi. Hamı bilirdi ki, onlar həm texnika, həm də əsgər baxımından bizdən üstün idilər. Allahın köməkliyi ilə layiqli cavablarını verə bildik.

– Döyüşün gedişində siz hara kimi irəli gedə bildiniz?

– Tsxinvali şəhərinin içində olduq. Bir neçə vaxt. Yenə də irəli getmək olardı. Ona kimi rus qoşunları gəldi, belə deyim. Heç rus qoşunları deyildi. Çeçen də var idi, kabardin də var idi, osetin də var idi. Rus əsgərlə ilə qarışıq idi. Yəni ki, elə bir döyüşlər gedirdi ki, yəni belə bir birimizin səslərimizi eşidirdik. Yəni onlar osetin dilində danışmırdılar. Yaxın məsafədə də döyüşmüşük. Uzaqdan uzağa da döyüşmüşük.

– Döyüş vaxtı çətin idi? Göz görə-görə görürsən üzərinə insanlar gəlir, insana güllə atmaq çətindirmi?

– Belə deyim, müharibənin də belə bir qaydası var. Sən onu görüb vurmasan, o, səni vuracaq. Bu qanundur, döyüşün öz qanunu var.

– Əgər desələr ki, bu gün müharibə başlayır, könüllü olaraq yenə də müharibədə iştirak edərdinizmi?

– Hüseynov Nəriman oğlu olaraq, hər zaman döyüşə hazıram, qanımla, canımla. Onda mənim 22-23 yaşım var idi. İndi 35 yaşım var. Mən daha da dərk edirəm. O, məndən ötrü də bir dərs oldu. Allah hamıya əmin-amanlıq versin. Gürcüstan da içi qarışıqlı, Azərbaycan da onu kimi. Mən orada olan zaman çox şeyləri öyrəndim. Yəni Allah eləməsin, döyüş olsa, daha bilikli, daha təcrübəli, elə bir hərəkətlər edərəm. Orada elə bir səhvlər olurdu ki, şəhərin içində döyüşmək çətin idi. İndi olsa, yenə də canla-başla gedərəm. Tam başqa hərəkətlərlə, tam başqa fərqli.

– Müharibə vaxtı komandir hücum əmiri verəndə necə hərəkət edirdiniz?

– Bizim komandir əmr verəndə ki, qabağa getmək və ya dayanmaq lazımdır, komandirin əmrini yerinə yetirmək lazımdır. Elə bir şey olmaz ki, komandirin əmirini yerə salasan. Çünki orda səhv bir addımla döyüş yoldaşını belə itirə bilərsən.

– Müharibənin sona çatması qərarı verildi. Siz istəyərdinizmi ki, müharibə dayanmasın və daha da irəli gedərək Gürcüstanın işğal olunmuş torpaqlarını azad edəsiniz?

– Gürcüstanın torpağını azad etmək üçün hər zaman hazıram, hazırda olacağam. Bu gün iki oğlum var. Oğullarımı da elə böyüdəcəyəm. Mənim kimi vətənpərvər. İnşallah mənim oğullarım da qeyrətli oğullardan olacaqlar. Yəni Gürcüstanda yaşayan Azərbaycanlı xalqının qeyrətli oğlu çoxdur. Müharibə dayanan vaxt hamımız pis olduq. Döyüş yoldaşlarım da. Çünki hamımız yorğun idik. Yorğun olduğumuza baxmayaraq, bircə onu da deyim ki, bir xüsusi təyinatlı dəstə 2-3 gün döyüş aparırsa, onu mütləq dəyişmək lazımdır. Belə deyim enerji itirib, yorğun olursan. Döyüşə yenidən hazırlaşırsan. Bizdə elə bir ruh yüksəkliyi var idi ki, biz heç dincəlmək də istəmirdik. Sadəcə irəli getmək istəyirdik. Əsas da o idi ki, həm bizim torpaqları azad edək, həm də döyüş yoldaşlarımızın qanı yerdə qalmasın.

– Müharibə vaxtı nə qədər irəliyə getmişdiniz?

– Biz döyüş yoldaşlarımızla birgə Tsxinvalidən çıxa bilmədik. Çünki yıxılmaq təhlükəmiz var idi. Çünki onlar çox idi. Sadəcə komandirimiz əmr verdi ki, geri çəkilməliyik. Könüllü geri çəkilmədik. Məcburi geri çəkildik. Döyüş yoldaşımız vurulmuşdu, yəni rəhmətə getmişdi. Burada nə var ki, gözlərimdə göz yaşları var idi. Dedim ki, yox, niyə geri çəkilək, irəli getmək lazımdır. İrəli gedə bilmiriksə, dağlara dağılaq. Mən Borçalı tərəfə gedərəm. Oranı yaxşı tanıyıram. Yəni elə xalq tanıyıram ki, hansı ki, meşəni, dağı yaxşı bilir. Mən də içi qarışıqlı. O dağlarda böyümüşəm. Vallah hər bir yerə sadə insan fikir verməz, həmin vaxtdan bu günə qədər hər bir dağa, dağın ətəyinə fikir verirəm. Allah eləməsin müharibə başlayarsa, bunu bilmək lazımdır. Amma onda komandirmiz dedi yox. Dedi elə bir əmr gəlməyib. Əgər elə bir əmr gələrsə, meşəlikdə hərəkət edəcəksiniz.

– Həmin vaxt Marneuli də bombalandı. O hadisəni eşidəndə sizə necə təsir etdi?

– Bir tək mənim yox, hamımızın yadındadır. Vallah bəlkə bircə o mənə görsənib. Sadəcə buluda baxanda, elə bil Gürcüstanın başında qara bulud var idi. Bərkə yadınızdadır. Bu nə yağış deyildi, nə də yağış buludu deyildi. Nəyisə həmin gün bir qaraltı bulud var idi. Yəni o mənim üçün o demək idi ki, mənim vətənimin başını üstündə bir qaraltı gəlib. Düşmən qapının ağzındadır.

– Dediniz döyüşdə yarlı da var idi, dünyasını dəyişən də var idi. Onları döyüş zonasından çıxarda bildinizmi və yaxud onlara necə kömək edə bilirdiniz?

– Döyüş vaxtı yaralanan və şəhid olanları da çıxardıq. Şəxsən mən həmin vaxt orda iştirak etmədim. Çünki döyüş zamanı çox çətindir. Bizim Tamarisi kəndi var. Tamarisi kəndindən Qiorqi Tatuaşvili qəhramancasına şəhid oldu. O vurulan zaman rus snayperi onun üstündə dururdu ki, ona kimsə yaxınlaşsın ikincisini yenə də vursun. Yəni onlar bilirdi ki, biz alçaq kimi hərəkət edib, döyüş yoldaşımızı orada, döyüş meydanında qoyub çıxıb gedən deyilik. Onu da onlar çox gözəl bilirdilər. Amma onlar alçaq kimi döyüş yoldaşlarını qoyub gedirdilər. Yaralılarını, belə deyim. Bir döyüşçü kimi yox, alçaqcasına hərəkət edirdilər. Yaralılarının çoxunu qoyub gedirdilər. Sadəcə özlərini xilas etsinlər.

– Müharibədən 12 il vaxt keçib. Yenə də döyüş yoldaşlarınızla görüşürsünüzmü? Dostlarınızla o günü necə xatırlayırsınız?

– Bu gün yenə də deyirəm, bizim əmin-amanlıq içində yaşayırıq. O, Qiorqi kimi oğlanların sayəsində biz rahat otururuq. Öz işimizlə, gücümüzlə, ailəmizlə. Döyüş yoldaşlarım da məni kimi öz işində, gücündə, Gürcüstanda gözəl həyat yaşayırıq. Şəhid olan uşaqlar, belə deyim şəhid oldular ki, biz gözəl yaşayaq. Bacardığımız qədər. Döyüş yoldaşlarımızla görüşürük. Kutaisidə yaşayanlar var. Marneulidən də var. Ayda-ildə bir dəfə görüşürük. Çalışırıq ki, xalqın içində belə söhbətlər etməyək. Hər vaxt elə bir şey danışmaq da olmur. Bu gün həmin vaxtı xatirə kimi xatırlayıram.

– Müharibə başlayan vaxt dediniz Marneulidən getdiniz. Marneulidən gedəndə ilk hansı bölgəyə getdiniz?

– Mən birinci Marneuliyə getdim. Marneulidən gedəndə, mən adi bir vətəndaş formasında idim. Bizə tezliklə silah verilməli idi. Onu da bir az gecikdirirdilər. Həmin vaxt çox dəhşətli vuruşma gedirdi. Yəni ki, yolda uşaqları atəşə tutmuşdular, yuxarıdan təyyarə vurmuşdu. Elə bir təhlükə var idi. Orada bilmirəm kim idisə, gürcü komandir idi. O, dedi ki, mən silahın verilməsini dayandırmışam. Mən dedim necə dayandırırsan? Biz bura kimi gəlmişik, sən bunu verməlisən. Onda Tblisidəydik. Silahı götürəndən sonra biz getdik demirəmmi Leasxueoba deyirlər, bəri kəndlərdən biridir. Həmin kəndlərdən keçmişdilər. Döyüşlər Tsxinvaliyə yaxın ərazidə gedirdi. Həmin kəndlər elə də yadımda deyil. Biz ora çatanda gecə idi. Yəni elə vaxt da olmadı ki, kimdənsə soruşardım. Əhalinin özü də çox pis vəziyyətdə idi. Əhalini oradan çıxarmaq lazım idi. Təhlükə çox idi. Bombalanma ola bilərdi. Hərbçilər tərəfdən, artilleriya tərəfindən. Amma hər şey gözümün qabağındadır.

– Döyüş gedən vaxt yerli əhali nə edirdi?

– Mən belə bir şey də gördüm. Yəni Osetinlərlə haradasa belə demək olar ki, düşmənik. Amma biz onlarla qardaş olmuşuq. Amma orda fikir verdim ki, osetinlərin özləri də biz tərəfə qaçırdılar. Siz bizə kömək duracaqsınız. Elə bir vaxt da olmadı ki, soruşardım. Çünki onlarında içində yaralılar var idi.

– Müharibə vaxtı istər düşmən olsun, istərsə də yerli əhali olsun, yaralı olan insanlara kömək edirdinizmi?

– Əhaliyə yüzdə yüz təcili yardım olunurdu. Hətta düşmənə də onu kimi. Heç bir ayrı seçkilik qoyulmurdu.

– Elə oldumu ki, sizin özünüz hər hansı bir yaralıya kömək edəsiniz?

– Yox. Çünki biz elə bir dəstə idik ki, bizim dəstədə həkim də var idi. Hərənin özünün vəzifəsi, öz iş var idi. Həmin vaxt, döyüş vaxtı, belə deyim, bizim həkim vurulsa idi, məcburi şəkildə bir tək mən deyil, hamı hazır idi ki, kömək edək.

– Siz dediniz ki, bir çox bölgələrdə hərbi xidmətdə olmusunuz. O xatirələrdən də danışardınız?

– Xidmətim vaxtı öz vətənimi, Gürcüstanımı qarış-qarış gəzdim. Sonra çox vaxt Almaniyada oldum. Orada yəni ki, həmin dövrdə elə bir əmr verilmişdi ki, 5 min nəfərdən 170 nəfər hərbçi seçilməli idi. Həmin vaxt 170 nəfərin içinə mən də düşdüm.

– Həmin vaxt neçə nəfər Azərbaycanlı var idi?

– Mənim yanımda bir azərbaycanlı var idi, Rustavidən. Hacıyev Rafiq. O, da eşitdiyimə görə hal-hazırda Avropada yaşayır.

– Sonda nə deyə bilərsiniz? Nə əlavə edə bilərsiniz?

– Əlavə onu deyə bilərəm ki, torpaqlarımız geri qayıtsın. Çünki bizim gələcək nəsil əziyyət çəkməsin. Çünki biz onu eləməliyik ki, bizim uşaqlarımız rahat yaşasın. Yenə deyirəm, bizim Gürcüstanda həm gürcü milləti, həm azərbaycan milləti çox qeyrətli bir xalqdır. Qeyrətli oğulları var. İnşallah, Allahın köməkliyi ilə o torpaqlar da qayıdar. Amma mən istəmərəm ki, bir ata kimi, iki övlad valideyni kimi, mən istəmərəm ki, bu əziyyəti onlar çəksin. Yəni ki, biz 90-cı illərdən bura kimi çəkdik. İndiyə kimi itirə-itirə getdik. Onlar da itirməsin, biz ikisini itirmişik. Onları geri qaytaraq. Mənim öz şəxsi fikrimdir. Çünki mənim balalarım, Gürcüstan balaları əziyyət çəkməsin. Müharibə çox çətindir. O gün gəlsin ki, balalarım, vətənimin balaları, gələcək nəsil, rahat yaşasın, müharibəsiz yaşasın.


Xatırladaq ki, beşgünlük müharibə zamanı 2232 Gürcüstan vətəndaşı yaralandı, bunlardan 1187 nəfər mülki şəxs, 1045 nəfər isə hərbçi idi. Ən çox yaralı IV piyada briqadasında idi – 271 nəfər, II piyada briqadasından 251, milli qvardiyadan isə 116 nəfər yaralanmışdı.

Aviasiya üzrə kiçik serjant, bort-mexanik 20 yaşlı Qiorqi Nanuaşvili 2008-ci il 8 avqustda Marneuli hərbi aerodromunun ruslar tərəfindən bombalanması zamanı həlak oldu.

Avqust müharibəsi zamanı məcburi köçkünlərə 26 000 min nəfər Gürcüstan vətəndaşı da əlavə olundu və nəticədə Gürcüstan miqyasında məcburi köçkünlərin sayı təxminən 264 000 nəfərə çatdı.

Gürcüstan mərkəzi hakimiyyəti Axalqori, Kornisi, Cava rayonları və Tsxinvali şəhəri üzərində nəzarəti itirdi. Cənubi Osetiya Muxtar Vilayətinin işğal olunmuş ərazisi 4 300 kvadrat kilometr təşkil edir.

Rusiya Federasiyası ümumilikdə 13 000 kvadrat kilometr ərazini işğal edib, bu ərazilərdə də 1015 kənd, qəsəbə və şəhər yerləşir. “Sürünən ilhaq” taktikası nəticəsində işğal olunmuş ərazilərin sahəsi ildən-ilə artır.

Bundan başqa, rəsmi Tbilisi Qaqra, Qudauta, Suxumi, Qulripşi, Oçamçire və Qali rayonları, Kodori dərəsi və Suxumi şəhəri – ümumilikdə 8700 kvadrat kilometr ərazidə hakimiyyəti itirib.


Warning: Invalid argument supplied for foreach() in /home/marneulifm/public_html/templates/default/html/com_content/article/default.php on line 166
FaceBook Twitter Google
დაიცავი დისტანცია