Bu gün, 23 sentyabr tarixində “Mülki cəmiyyətin inkişafı və
vətəndaşların iştirakı” proqramı çərçivəsində Bolnisi
bələdiyyəsinin İmirhəsən (Savaneti) kəndində qeyri-hökumət
təşkilatı sektorunun və mülki cəmiyyət nümayəndələrinin sakinlərlə
görüşü keçirilib.
“Mülki cəmiyyətin inkişafı və vətəndaşların iştirakı” proqramının
nümayəndəsi Tamar Qurçiani “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, proqramın məqsədi kənd əhalisinə problemlərin həllində
kömək etməkdir.
“Biz hər il kəndlərdə belə toplantılar keçiririk.
Bugünkü görüşdə müxtəlif təşkilat nümayəndələri, o cümlədən
“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”, “Salam” platforması,
EMC, Xalq Müdafiəçisinin Kvemo Kartli regionundakı nümayəndəsi,
Marneuli Mülki Məşğuluq Mərkəzinin nümayəndəsi və s. iştirak
edirdi. Bu təşkilatlar, həmçinin, Rustavidən və Kaxetidən gəlmiş
“Bilik kafesinin” fəalları əhali ilə görüşdü. Onlar əhali ilə öz
təcrübələrini bölüşdülər və onların problemləri barədə müzakirələr
etdilər”, – Tamar Qurçiani dedi.
Qurçianinin sözlərinə görə, Marneuli kəndlərində də bu kimi
görüşlər keçiriləcək.
“Bilik kafesinin” təsisçilərindən Nana Baqalişvili “Marneuli”
radiosuna bildirdi ki, Gürcüstan miqyasında işləyən qeyri-hökumət
təşkilatları Savanetiyə yerlilərə kənddəki yaşam tərzinin
yüngülləşdirilməsində dəstək olmaq üçün gəliblər.
“Burada yaşayan adamlar bilməlidir ki, ölkə miqyasında
çox sayda ağıllı adamlar və təcrübəli təşkilatlar var ki, onlara
kənd həyatının daha da yaxşı olmasında kömək edə bilər. Əsas odur
ki, özləri səslərini çıxarsınlar və onları nə narahat etdiyini
desinlər. Bu toplantı məhz ümumi problemləri bölüşmək üçün bir
cəhddir”, – Nana Baqalişvili bildirdi.
Təşkilat nümayəndələri ilə görüş zamanı İmirhəsən əhalisi kənddəki
çirkli ətraf mühit, suvarma suyunun olmaması və infrastruktur
problemlərini diqqətə yetiriblər.
Kənd əhalisi bu cür görüşlərin keçirilməsini müsbət
qarşılayırlar.