Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi
haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
“2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı
qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə
pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan
istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının
yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu,
nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və
yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi
ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını
nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara
alıram:
1. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal
etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və
mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28
sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində
hərbi vəziyyət elan edilsin.
2. Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş
tədbirlər həyata keçirilsin.
3. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan
şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam,
Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir,
Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat
21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant
saatının tətbiq edildiyi ərazilərdə:
3.1. şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri
olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan
edilsin;
3.2. xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat
vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər
görülsün.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant
saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini
təmin etsin.
5. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların
hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və
azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə
tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar
daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq
edilsin.
6. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli
Məclisinə göndərilsin.
7. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi
vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci
maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin
etsin”.
Mənbə: apa.az