“Azərenerji” ASC Azərbaycanın işğaldan azad edilən və ediləcək
rayonlarında yeni 110 kVt-lıq sistem əhəmiyyətli yarımstansiyaların
tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110
kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini
tamamlamaqdadır.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ilkin olaraq
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110
kVt-lıq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların
arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə
tutulub.
“Paralel olaraq “Azərişıq” ASC-də 35 kVt-lıq
yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri
aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla
təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o
cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə
görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman
paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır.
Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad
ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji
təchizatının qurulması və mövcudların yenilənməsi üçün
layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd
işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik
enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən
rayonlarımızda tezliklə öz işığımızın yanacaq”, -
“Azərenerji”dən bildirilib.
Mənbə: apa.az