“Ermənistan kütləvi informasiya vasitələrində Fransanın
parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal
olunmuş ərazilərinə səfəri barədə məlumat verilir. Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi, rəsmi Yerevanın
ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə
qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi şəraitdə Fransa
parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli
xarakter daşıyır”.
Bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev deyib.
“Səfərdə iştirak edən Fransa parlament üzvlərinin
əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni
lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.
Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr
neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin
etməlidir. Bu səfər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın
neytrallığına kölgə salır.
İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı
olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur.
Bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə,
Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı
yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq
siyasətini davam etdirməyə daha da cəsarətləndirir.
Fransa parlament nümayəndə heyətinə Ermənistan baş naziri ilə
görüşdə ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin
ölümü ilə nəticələnən Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və
digər şəhərlərini ballistik və reaktiv raketlərdən atəşə tutmasına
görə daşıdığı məsuliyyəti xatırlatmağı tövsiyə
edirik”, - o qeyd edib.
წყარო: report.az