Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, polis
"Miso IntelExpress"-in Kutaisidəki şöbələrindən birini qarət etmək
ittihamı ilə iki nəfəri həbs edib.
Agentliyin verdiyi məlumata görə, Q.M. bir anbarın ərazisinə
qanunsuz olaraq girmək və qrup şəklində törədilən irimiqyaslı
oğurluq faktı ilə günahlandırılır. S.J. isə, bir şirkətə qanunsuz
giriş, qrup tərəfindən törədilən irimiqyaslı oğurluq və xüsusilə
böyük miqdarda narkotik maddənin qanunsuz alqısı və saxlanması ilə
günahlandırılır.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, aparılan
istintaq nəticəsində məlum olub ki, təqsirləndirilənlər bu il
sentyabrın 19-da Kutaisi şəhərində, İlia Çavçavadze prospektindəki
yaşayış korpusunun döşəməsini dələrək "Miso IntelExpress" şöbəsinin
anbar otağına daxil olublar, burada anbarın liton qapısını kəsərək
gizli şəkildə pul və qızıl əşyalarına yiyələniblər:
“Məhkəmənin qərarı əsasında Q.M.-in yaşayış evində aparılan axtarış
zamanı polis qanunsuz olaraq ələ keçirilmiş qızıl əşyaları və pulun
bir hissəsini sübut kimi götürüb.
Hakimin qərarı əsasında S.J.-nin yaşayış evində aparılan axtarış
zamanı hüquq-mühafizə orqanları 2 paket şəklində 3 231 qram
"heroin" narkotik maddəsini, oğurlanan pulların bir hissəsini və
qızıl əşyaları, cinayətin törədilməsində istifadə olunan iş
alətlərini sübut kimi götürüb", - deyə agentlikdən
bildirilib.
Q.M., Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci
hissəsinin “b” bəndinin, 3-cü hissəsinin “a” bəndinə və 4-cü
hissəsinin “b” bəndinə əsasən istintaqa cəlb olunub. Bu maddələrdə
qrup tərəfindən əvvəlcədən razılaşmış şəkildə hansısa bir anbara
qanunsuz giriş və irimiqyaslı oğurluğun törədilməsi nəzərdə tutulur
və 3 ildən 10 ilədək həbs cəzası gözlənilir.
S.J., Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci
hissəsinin “b” bəndinin, 3-cü hissəsinin “a” bəndinin və 4-cü
hissəsinin “b” bəndinin, habelə 260-cı maddəsi ilə istintaqa cəlb
olunub. Bu maddələrdə qrup tərəfindən əvvəlcədən razılaşmış şəkildə
hansısa bir anbara qanunsuz giriş və irimiqyaslı oğurluğun
törədilməsi və xüsusilə böyük miqdarda narkotin maddənin qanunsuz
alqısı, saxlanılması nəzərdə tutulur. Cinayətə görə 3 ildən 20
ilədək və ya ömürlük həbs cəzası gözlənilir.