Dövlət dilinin pulsuz tədrisi – Təhsil naziri Tariel Nakaidzenin sualını necə cavablayır

Parlamentin deputatı Tariel Nakaidze Parlamentdə “nazir saatı” formatında çıxışı zamanı təhsil naziri Mixeil Çxenkeliyə 1+4 proqramı və etnik azlıqlar üçün gürcü dilinin tədrisi barədə suallar verib.


Nakaidzenin ilk sualı 1+4 proqramı çərçivəsində təhsil alan tələbələrin maliyyələşdirilməsi ilə bağlı olub.

“Sizin sərəncamdakı bir məsələ çox mühümdür. Sizin 2021-22-ci tədris ilində ali təhsil müəssisələrində proqramların maliyyələşdirilməsi qaydası və şərtləri barədə sərəncamınız var. Altıncı maddənin beşinci bəndinə diqqət yetirmək istəyirəm. Orada deyilir ki, proqramların maliyyələşdirilməsi çərçivəsində gürcü dilində hazırlanmış təhsil proqramını başa vurduqdan sonra akkreditasiyadan keçmiş təhsil proqramına qəbul olan şəxslərin təhsilinin maliyyələşdirilməsi yolverilməzdir. Yəni 1+4 proqramında kim iştirak edirsə, onların təhsili maliyyələşdirilmir. Gürcüstanın digər vətəndaşları pulsuz prioritet proqramda təhsil alırlar, ancaq bunların həmin proqramda pulsuz təhsil almaq imkanları yoxdur. Mənim fikrimcə bu diskriminasiyadır. Eləcə də, hansısa əlavə təhsil proqramı barədə, xüsusilə gürcü dili problemi olan regionlarda gürcü dilini tədris etməyi düşünmürsünüzmü? Bu istiqamətdə, həmin regionlar üçün mühüm olacaq hansısa yeni proqramlarımız yoxdurmu?” – Tariel Nakaidze bu sualla təhsil nazirinə müraciət edib.

Nakaidzenin sualına cavab olaraq təhsil naziri Mixeil Çxenkeli bildirib ki, 1+4 proqramı çərçivəsində, akademik iştirakdan irəli gələrək, yüksək balı olan 200 tələbəyə qeyd olunan proqram pulsuzdur. Gürcü dilinin tədrisinə gəldikdə isə, nazir açıqlayıb ki, Gürcüstanın bütün regionlarında, eləcə də etnik azlıqların məskunlaşdığı regionlarda, uşaq bağçasından gürcü dilinin tədrisinə başlanılır.

“Nazir saatı” çərçivəsində təhsil nazirinə verilmiş suala Nakaidze istədiyi cavabı almayıb və buna görə, Çxenkeliyə sualı yenə təkrar edib.

“Əlbəttə, maliyyələşdirmə məsələsi universitet büdcəsinin bir hissəsidir və artıracağıq. Hazırda 1+4 proqramında təhsil alan 200-dən artıq tələbə üçün proqram pulsuzdur. Bu istiqamətdə çalışacağıq ki, say artırılsın. Əlbəttə, hamı üçün pulsuz olması ideal olardı. İndi bizim keçəcəyimiz yeni model 1+4 proqramına da aiddir. Baza maliyyələşdirməsini nəzərə almaqla bir sıra vəsait ola bilər və bu aspektdə də təbii ki, həmin tələbələrin maliyyələşdirilməsini nəzərə alacağıq. Mən demirəm ki, pulsuz fakültələr ləğv olunacaq. Ancaq biz razılaşacağıq ki, hansı istiqamətlər prioritet olacaq və artıq ali təhsilin maliyyələşdirilməsinin yeni mərhələsində bütün tələbələr üçün pulsuz olacaq həmin fakültələrin hansıların olacağını görəcəyik”, – təhsil naziri Nakaidzenin sualına cavab verib.

Qeyd edək ki, Marneulili deputatlar təhsil nazirinə sual verməyib. Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallının sözlərinə görə, onun nazirə sualı olmayıb, çünki nazirliklə gündəlik əlaqəsi var və aparılan proseslər barədə məlumat alır.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია