Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı
qızın qətlində şübhəli bilinən İlkin Süleymanovun ailə üzvləri ona
verilən bu ittihamı qəbul etmirlər.
47 yaşlı kənd sakini İlkin Süleymanov barəsində 2 aylıq
həbs-qətimkan tədbiri seçilib.
Noyabr ayında itkin düşmüş Nərmin Quliyevanın cəsədi yanvarın 6-da
tapılıb.
Baş Prokurorluq bildirb ki, İlkin Süleymanov "törətdiyi əməli tam
etiraf edib".
Mərhum azyaşlının atası Şərif Quliyev BBC News Azərbaycancanın
müxbirinə yalnız bunu bildirib ki, o, qızının "qatilinin
tapılmasını istəyir". Şərif Quliyev qızı itkin düşəndən sonra
kənddə axtarış aparıldığı zaman İlkin Süleymanovun yaşadığı evə
baxılmadığını deyir: "Onlar hörmətli ailə idi, ayıbdı, qonşudur
deyə onların evi axtarılmadı".
İlkin Süleymanovun bacısı İlhamə Süleymanova BBC News
Azərbaycancaya açıqlamasında iddia edib ki, qardaşı cinayəti
"işgəncə altında" etiraf edib.
"Eşitdiyimə görə, qardaşımı döyüblər. İkinci dəfə deyib ki, mənim
xəbərim yoxdur, məni günahlandırırsınız, amma birinci dəfə deyib
hə, bunu belə elədim. Ekspertiza gəlib məndən soruşdu ki, sən
qardaşının xəttini bilirsənʔ Baxan kimi dedim, bu onun xətti deyil.
Mənə qışqırdı ki, səsini batır, yoxsa səni də onun yanına basaram",
cinayətdə ittiham olunan İlkin Süleymanovun bacısı iddia edib.
Onun sözlərinə görə, ailə üzvləri istintaqın 10 yaşlı qızın
saxlanıldığını göstərdiyi otağa və evdəki ərzaq anbarına 40 gün
ərzində bir neçə dəfə daxil olaraq müxtəlif əşyalar götürüblər və
"orada gizlədilən heç nə görməyiblər".
İlhamə Süleymanova qardaşının hər hansı psixoloji problemi
olmadığını, hər hansı psixoloji-nevroloji dispanserdə qeydiyyatdan
keçmədiyini və kənd sakinləri ilə hər zaman "yaxşı davrandığını"
deyir.
Baş Prokrorluöun mətbuat xidmətindən BBC News Azərabycancaya
bildirilib ki, cinayətdə ittiham olunan İlkin Süleymanova qarşı
işgəncə hallarından "söhbət belə gedə bilməz".
foto:APA
Baş Prokurorluğun məlumatına görə, istintaq-əməliyyat qrupu İlkin
Süleymanovun yaşadığı evin həyətinin giriş qapısının və həyətə
döşənmiş süni daş örtüyünün üzərindən "Nərminin saxlanıldığı otaqda
olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr",
eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi
götürülüb.
İstintaqın gedişatı ilə bağlı yayılan rəsmi məlumata əsasən, İlkin
Süleymanov "törətdiyi əməli tam etiraf edib."
Nərminin atası Şərif Quliyev qızının itkin düşəndən sonra aparılan
axtarış tədbirlərindən razı olduğunu bldirmişdi.
O, BBC News Azərbaycancaya bildirmişdi ki, qızı itkin düşəndən bəri
polis kənddə olub: "İstintaqdan, axtarışlardan razıyam, məni
narahat etməyin".
Baş Prokurorluq istintaq getdiyini, zərurət yarandığı halda
ictimaiyyətə məlumat veriləcəyini deyir.
Hadisə kənd sakinlərini "vahiməyə" salıb, sakinlər deyirlər.
Kənddə yaşayan Şərqiyyə Mehdiyeva BBC News Azərbaycancaya deyib ki,
əhali tezliklə qatilin tapılmasını istəyir.
"Bu hadisə bizə çox pis təsir edib. Narahatıq ki, qatil tapılmasa,
bu hadisə təkrar oluna bilər. Bilmək istəyirik ki, bunu kənd
sakinimi törədib, ya yad adam", kənd sakini Şərqiyyə Mehdiyeva
deyib.
Onun sözlərinə görə, noyabr ayından uşağın itkin düşmə xəbəri
yayılandan bəri kənddə axtarışlar başlayıb.
"Evlərimizi gəzdilər, yarımçıq tikililərə baxdılar, maşını
olanların maşınlarının seriyası qeyd olundu. Bizdən soruşdular ki,
tanımadığınız adam görmüsünüzmü, şübhələndiyini kimsə varmı", kənd
sakini bildirib.
"Uşaqları məktəbə maşınla
aparırıq"
Övladı, qətlə yetirilmiş Nərmin Quliyeva ilə paralel sinifdə oxuyan
Afət Musayeva deyir ki, uşaq itən gündən "vahimə
içərisindədirlər".
O bildirib ki, evi məktəbə yaxın olan əksər valideynlər uşaqlarını
məktəbə özləri aparıb-gətirirlər.
"Evi uzaqda olanlar uşaqları məktəbə maşınla aparıb gətirirlər.
Axtarış aparılanda bizə it gətirmədilər, ancaq avtomobillərə
baxdılar. Uşağın yaşadığı küçəyə yaxın olan evlərdə itlə axtarış
aparıblar", kənd sakini Afət Musayeva deyib.
Övladı 6-cı sinifdə oxuyan Afət Musayeva narahatdır ki, uşaqlar
təhlükədə ola bilər.
"Hüquq mühafizə orqanları araşdırma aparır, hər şey nəzarət
altındadır, narahatlığa heç bir əsas yoxdur", Tovuz icra
hakimiyyəti başçısının müavini Təranə Bayramova BBC News
Azərbaycancaya deyib və əlavə edib ki, onlar Nərminin ailəsiylə
mütəmadi əlaqə saxlayırlar.
Dondar Quşçu kənd icra nümayəndəsi Samir Hüseynov BBC News
Azərbaycancaya deyib ki, polis ərazidə iş aparır və uşağın meyiti
tapılan küçədə yaşayan sakinləri dindirir.
O deyir ki, hadisə elə onların evində də qorxu var: "Qorxu hamıda
var, elə bizim uşaqda da. Bütün şöbə [polis] burdadır, iş gedir.
Tapılıb yoluna qoyulmalııdır. Tapılmalıdır, vəssalam", o deyir.
Azyaşlı Nərmin Quliyevanın "qəsdən öldürülməsi" ilə bağlı cinayət
işi başlanıb.
10 yaşlı Nərmin Quliyeva noyabr ayında itkin düşüb.
"Valideynlərinin deməsinə görə, uşaq günorta saat 3-4 arasında
evdən çıxıb əmisigilə gedib, bir də axşam xəbər tutublar ki, qız
yoxdur", Tovuz rayonun Dondar Quşçu bələdiyyəsinin sədri Elmar
Mürşüdov BBC News Azərbaycancaya deyib.
Onun sözlərinə görə, indiyədək bu kənddə hər hansı uşaq itməyib:
"Kənddə evlər sıx-sıxdır, günorta vaxtlarında da çöldə-bayırda adam
olur", o bildirib.
Nərmin Quliyevanı heç yerdə tapa bilməyəndən sonra ailə polisə
müraciət edib: "Polis gündə kənddəydi. Bütün evləri axtarıb, hətta
ot tayalarına kimi baxırdılar. Axtarışlar kənddə də, rayonun başqa
kəndlərində də gedirdi. Polis hər gün təkrar-təkrar qayıdıb
qonşuların evlərini, həyətyanı sahəsini yoxlayırdı", Elmar Mürşüdov
əlavə edib.
Bələdiyyə sədri deyib ki, kənddə əhalinin sayı 4500-4600-dür. Onun
sözlərinə görə, kənddə boş ev, qeydiyyatda olub kənarda yaşayan
adam, demək olar ki, azdır.
Azyaşlının meyiti bazar ertəsi günü axşam saatlarında "təsadüfən
tapılıb".
"Qonşu tapıb"
Elmar Mürşüdov deyib ki, azyaşlının meyitini qonşulardan biri
tapıb: "Qonşu çölə çıxıb siqaret çəkməyə, görüb ki, o biri qonşunun
hasarının dibində nəsə yanır, yaxınlaşıb. O da deyib birdən ev
yanar, qonşunu çağırıb, deyib ki, hasarın böyründə nəsə yanır. O da
torpaq töküb söndürüb. Sonradan görüblər ki, uşaq meyitidir. Polisə
xəbər ediblər".
Tovuz Rayon Polis Şöbəsindən BBC News Azərbaycancaya bildirilib ki,
noyabrın 21-də itkin düşmüş azyaşlının tapılmamasından bir neçə gün
sonra onun qəsdən öldürülməsindən şübhələr olub və ona görə də iş
Baş Prokurorluğa verilib.
Noyabrın sonlarından bəri azyaşlının izini niyə tapmaq mümkün
olmayıb?
Baş Prokurorluğun mətbuat xidməti deyir ki, hüquq mühafizə
orqanlarının təlimatçıları hadisə barədə xəbər alan kimi, xüsusi
təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə
axtarışlara cəlb ediliblər.
Baş Prokurorluq bildirib ki, azyaşlının atası Şərif Quliyev 2019-cu
il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni
gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan
qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib
oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.
Nərminin meyitini bir kənd sakininin aşkar etdiyini deyən Baş
Prokurorluq hadisəni törədənlərin tapılması üçün intensiv istintaq
hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyini
bildirib.
2018-ci ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda məişətdə
baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma
ilə bağlıdır: "Bunlardan 112 faktda qadın özünü öldürüb. Onlardan
11-i azyaşlı qızlar" olub, DİN sözçüsü BBC-ə bildirib.
Rəsmi statistikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət
zorakılığı üzrə cinayət halları 700-dən çox, 2018-ci ildə isə 700-ə
yaxın olub.
Mənbə:
BBC/azeri