“SOCAR şirkəti Gürcüstanda 72 məscidi təbii qazla təmənnasız təmin edir”, – Ramin İgidov
“SOCAR” şirkəti Gürcüstanda 72 məscidi təbii qazla təmənnasız təmin edir. Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov verdi.

Onun sözlərinə görə, Gürcüstanda təqribən 330-a yaxın məscid var və məscidlərin çoxu təbii qazdan yararlana bilmir.

“Gürcüstanda elə ərazilər var ki, təbii qaz yoxdur. Elə məscidlər də var ki, ucqar bölgələrdə yerləşir, o ərazidən də qaz xətti keçməyib. Əgər müsəlmanların yaşadığı hansısa bir əraziyə qaz xətti çəkilərsə, bizim idarə tərəfindən məscidin qazla təmin olunması üçün aidiyyəti orqanlara müraciət olunacaq”, – Şeyx Hacı Ramin İgidov dedi.

İbadət yerlərinin, xüsusən də qış aylarında isidilməsinə böyük ehtiyac olduğunu deyən Ramin İgidov qeyd etdi ki, onların müraciəti əsasında 2015-ci ildən başlayaraq məscidlərin təbii qazla təmin olunması üçün limitin ayrılması ilə bağlı “SOCAR” şirkətinə müraciət olunub.

“Bütün müraciətlərimiz “SOCAR” tərəfindən nəzərə alınır və Gürcüstanda ildən-ilə təbii qazla təmənnasız təmin olunan ibadət yerlərinin sayı artır”, – Şeyx Hacı Ramin İgidov dedi.

BGMİ sədri bildirdi ki, şirkət ötən il məscidlərin isidilməsi üçün 102 min lari nəzərdə tutmuşdu.

“Biz bu il müraciət etdik ki, məscidlərin qazla təmin olunması limiti 110 min lariyə qədər artırılsın. Çünki məscidlərin sayı ildən-ilə artır. Ötən ilki məbləğ yetərli olmur. Çünki hər bir məscidə orta hesabla ildə 1 500-1 600 lari pul düşür. Bu məbləğ isə məscidlərin böyüklüyünə və kiçikliyinə görə dəyişir”, – Şeyx Hacı Ramin İgidov dedi.

R.İgidov qeyd etdi ki, təmənnasız təbii qaz alan məscidlərin böyük əksəriyyəti Kvemo-Kartli bölgəsində yerləşir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google