“SOCAR” şirkəti Gürcüstanda 72 məscidi təbii qazla təmənnasız təmin
edir.
Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin
İgidov verdi.
Onun sözlərinə görə, Gürcüstanda təqribən 330-a yaxın məscid var və
məscidlərin çoxu təbii qazdan yararlana bilmir.
“Gürcüstanda elə ərazilər var ki, təbii qaz yoxdur. Elə
məscidlər də var ki, ucqar bölgələrdə yerləşir, o ərazidən də qaz
xətti keçməyib. Əgər müsəlmanların yaşadığı hansısa bir əraziyə qaz
xətti çəkilərsə, bizim idarə tərəfindən məscidin qazla təmin
olunması üçün aidiyyəti orqanlara müraciət olunacaq”,
– Şeyx Hacı Ramin İgidov dedi.
İbadət yerlərinin, xüsusən də qış aylarında isidilməsinə böyük
ehtiyac olduğunu deyən Ramin İgidov qeyd etdi ki, onların müraciəti
əsasında 2015-ci ildən başlayaraq məscidlərin təbii qazla təmin
olunması üçün limitin ayrılması ilə bağlı “SOCAR” şirkətinə
müraciət olunub.
“Bütün müraciətlərimiz “SOCAR” tərəfindən nəzərə alınır
və Gürcüstanda ildən-ilə təbii qazla təmənnasız təmin olunan ibadət
yerlərinin sayı artır”, – Şeyx Hacı Ramin İgidov
dedi.
BGMİ sədri bildirdi ki, şirkət ötən il məscidlərin isidilməsi üçün
102 min lari nəzərdə tutmuşdu.
“Biz bu il müraciət etdik ki, məscidlərin qazla təmin
olunması limiti 110 min lariyə qədər artırılsın. Çünki məscidlərin
sayı ildən-ilə artır. Ötən ilki məbləğ yetərli olmur. Çünki hər bir
məscidə orta hesabla ildə 1 500-1 600 lari pul düşür. Bu məbləğ isə
məscidlərin böyüklüyünə və kiçikliyinə görə dəyişir”,
– Şeyx Hacı Ramin İgidov dedi.
R.İgidov qeyd etdi ki, təmənnasız təbii qaz alan məscidlərin böyük
əksəriyyəti Kvemo-Kartli bölgəsində yerləşir.