55 yaşlı Nərgiz Surmanidzenin 8 nəfərlik ailəsi Marneuli
bələdiyyəsinin Xixani kəndində yaşayır. Gəliri olmayan ailə bu gün
çörək də yeyə bilməyib. Yerli özünüidarə tərəfindən verilən unları
artıq bitib. Qalan makaronlarını isə qənaətlə istifadə
edirlər.
“
Bu gün unumuz yoxdur ki, çörək bişirim və uşaqları
yedizdirim. İki dəfə makaron, bitki yağı və s. payladılar. Bu gün
də oyandım və birdəfəlik yardım paketini açdım, makaron bişirdim,
qatığımız var idi, bütün ailə yedik. Çörəyimiz yox idi. Bilmirəm bu
makaron da nə qədər kifayət edəcək.”
8 nəfərlik ailənin sosial yardımı ailənin ikiyə bölünməsindən –
oğlu və gəlininin üç azyaşlı övladları ilə birlikdə başqa evə
köçməsindən sonra dayandırılıb. Nərgiz, həyat yoldaşı və digər
övladı isə ayrı yaşayır. Amma onların evləri bir-birinə çox
yaxındır. Hər gün bişirdikləri yeməkləri bir-biri ilə
bölüşürlər.
“
Sosial yardımdan asılı vəziyyətdə idim. İki aydır ki, pul
almırıq, ac qalmışıq. Ailəmiz ikiyə bölündüyü zaman həyat yoldaşım
Marneuliyə Sosial Xidmət Agentliyinə getdi. Sonra komissiya gəldi,
bizi yoxladı və bal yazdı (mart ayında). Lakin hələ də yardım
almamışıq. Oğlumun ailəsinə yoxlamağa gəlməyiblər, deyirlər ki,
gəlsin, ərizə yazsın. Lakin nəqliyyat işləmədiyinə görə hələ gedə
bilmir.”
Nərgiz və həyat yoldaşı hələ təqaüdə çıxmayıblar ki, buradan əlavə
gəlirləri olsun. İndi faktiki olaraq iki ailə gündə ən çox iki litr
süd verən bir inəyin ümidinə qalıb.
“Sosial yardıma ümid edirik. Yəqin ki verəcəklər. Onu da
verməsələr, çarəsiz qalacağıq.”
Marneuli Sosial Xidmət Agentliyindən “Marneuli” radiosuna verilən
məlumata görə, ailəyə sosial yardım bal yazılandan sonrakı ayın
1-dən verilir. Buradan da belə aydın olur ki, Nərgiz və ailəsi
sosial yardımı may ayından ala biləcəklər. Oğlu və ailəsi isə
Marneuliyə gələrək ərizə yazmalıdırlar və yalnız bundan sonra
Sosial Xidmət Agentliyi tərəfindən ailə yoxlanılır. Bunadək isə
Surmanidzelər ailəsi digər yardımların ümidinə qalacaqlar.
Yenidən yardımın edilib-edilməyəcəyinə gəlincə isə, Marneuli meri
Zaur Darğallı bizimlə söhbəti zamanı bildirdi ki, ehtiyac olduğu
təqdirdə əlavə ərzaq verilməsi mümkün olacaq, lakin bunun üçün ailə
kənd icra nümayəndəsinə müraciət etməlidir ki, meriya məsələni
müzakirə edə bilsin.
Qeyd edək ki, koronavirusla mübarizə məqsədilə yerli özünüidarə 300
000 lari ayırıb.