Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə
müftisi Hacı Yasin Əliyev tutduğu vəzifəsindən ayrılıb.
Bu barədə müfti öz şəxsi "Facebook" səhifəsində paylaşım edib. Hacı
Yasin Əliyevin yazdığına görə, o, bu vəzifəni səhhəti ilə bağlı
problemə görə könüllü olaraq tərk edib.
Həmin paylaşımı olduğu kimi sizə təqdim edirik.
"Bağışlayan və mehriban Allahın adı ilə
Hörmətli müsəlman bacı və qardaşlar!
Nəzərinizə çatdırım ki, əməkdaşlarımızın da xəbərdar olduğu kimi
son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir
ildir ki, həkimlərin nəzarəti altında intensiv olaraq müalicə
olunuram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi
ilə tez bir zamanda sağalaram. Həkimlərin məsləhəti və
tövsiyələrinə əsasən, müalicə dönəmində psixoloji və fiziki olaraq
stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli
olduğum bildirilib.
Təbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün
olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa
verməyi qərara alıram.
Mən həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik
fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam. Dinə xidmət
etdiyim illərdə şərqi Gürcüstanda yaşayan müsəlmanlar üçün bir sıra
faydalı işlərin görüldüyünü deyə bilərəm. Onlarla məscidlər təmir
edildi, bir neçəsi yenidən inşa olundu. Qeydiyyatı olmayan
məscidlərimizin böyük hissəsinin bu sahədəki problemi həll olunub
idarənin sərəncamına verildi. Bir neçə dini ədəbiyyat çap edilib
müsəlmanların ixtiyarına çatdırıldı. Hərbi hissələrdə və cəzaçəkmə
müəssisələrində ibadət otaqları açıldı. Digər dini konfessiyalarla
əlaqələr qurulub birgə mühüm layihələr həyata keçirildi. Ən əsası,
mənim, həmkarlarımın və həmfikirlərimin iradəsi və təşəbbüsü
nəticəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsi təsis edildi.
Bu gün əminliklə deyə bilərəm ki, ölkə müsəlmanlarının 95 %
fəaliyyətdə olduğum idarədə birləşib. Bu illər ərzində təmsil
olunduğum həmin idarə ölkə daxilində və həmdə ki, ölkə xaricində
tanınaraq böyük nüfuza sahib olub. Mən din xadimləri ilə birgə
sizin dəstəyiniz ilə nail olduğumuz uğurlar haqqında uzun-uzadı
danışa bilərdim. Amma bunlarla sizi çox yormaq istəmirəm.
Bu illər ərzində göstərdiyiniz qayğıya, sevgiyə, dəstəyə, hörmətə
və diqqətə görə sizin hər birinizə dərin təşəkkürümü bildirmək
istəyirəm. Həmçinin sizdən rica etmək istəyirəm, ki əgər mənim
tərəfimdən hər hansı yanlışlıq və ya sizə qarşı inciklik olubsa
xahiş edirəm böyüklüyünüzlə bağışlayasınız.
Mən hər zaman sizi dualarımda unutmayacağam, siz də mənə
dualarınızı əsirgəməyin. Uca Allah sizə və ailələrinizə yar olsun.
Amin!
Qeyd edim ki, yaxın gələcəkdə Ali dini şura toplanaraq yeni
müftinin seçki yolu ilə müəyyənləşdirəcəklər. Ona qədər Şərqi
Gürcüstan Müftisi vəzifəsini sizin hamınızın yaxşı tanıdığınız
mənim müşavirim hacı Eyvaz Mərdanov icra edəcək. Mən müvəqqəti
müftilik vəzifəsini icra edən qardaşa və gələcək yeni müftiyə
olduqca ağır məsuliyyətli dini işlərində uğurlar arzulayıram.
Uca Allah sizin hər birinizə və dövlətimizə yar olsun.
Amin!", – Hacı Yasin Əliyev paylaşımda yazıb.