Rövnəq Abdullayev: “SOCAR Gürcüstanda sosial sahələrə 100 mln dollara qədər investisiya yatırıb”
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz sosial məsuliyyətini anlayır.

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün SOCAR Gürcüstan hökuməti ilə birlikdə böyük sosial layihələr həyata keçirir: “Gürcüstan hökumətinə bizə sosial layihələrimizi və investisiyalarımızı həyata keçirmək üçün imkan yaratdığı üçün minnətdaram. Belə bir sosial investisiyalardan biri də Qabalı kəndindəki uşaq bağçasıdır”.

Şirkət rəhbəri bildirib ki, SOCAR bu illər ərzində Gürcüstanda təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına qədər investisiya yatırıb: “Bu investisiyalar SOCAR-ın Gürcüstandakı fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər nəticəsində həyata keçirilib”.

O, SOCAR-ın Gürcüstanda bu işlərin rahat şəkildə həyata keçirməsi üçün hər bir şəraitin yaradıldığı üçün hökumətə minnətdarlığını bildirib.

R.Abdullayev qeyd edib ki, möhtərəm Azərbaycan Prezidentinin şirkət qarşısında qoyduğu əsas vəzifələrdən biri Gürcüstanda yaşayan soydaşlarımızın inkişafı üçün onların imkanlarının genişləndirməkdir: “Bu işdə də biz aktiv işləyirik və çalışırıq. Gürcüstan hökuməti də bu işdə bizə əlindən gələn köməyi əsirgəmir”.

Qeyd edək ki, SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri yaradıb. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı, Gürcüstanda müxtəlif sosialyönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir. “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. Artıq bu tələbələrin sayı 2 min nəfərə çatıb. Şirkət 2013-2017-ci illər ərzində Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə təqaüd də verib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google