Marneulidə fəaliyyət göstərən Davit Ağmaşenebeli adına
məktəb-litseydə 8 martdan təhsil prosesi dayandırılacaq.
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanov "Marneuli"
radiosu ilə söhbəti zamanı bildirdi ki, məktəb avtorizasiyadan keçə
bilməyib. Buna görə təhsil müəssisəsində proses yalnız yaz tətili
başlayana qədər davam etdiriləcək. Sonra isə məktəb bağlanacaq
.
"İndi məktəb şagirdlərinin bölünməsi üzərində
işləyirik. Ümumilikdə 56 şagird var ki, onlar da müxtəlif ictimai
məktəblərə bölünəcəklər. Məndə olan məlumata görə, məktəb
avtorizasiyadan keçə bilməyib və buna görə bağlanıb",
– Əli Qəhrəmanov bildirdi.
Davit Ağmaşenebeli adına məktəb-litseyin direktoru Əhməd Tuğrul
"Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Monitorinq
Xidməti gözlənilmədən, şikayət əsasında məktəbə daxil olub. Onun
sözlərinə görə, Monitorinq Xidmətinin hesabatında iki çatışmazlıq
qeyd olunub. Məktəb bununla bağlı xidmətə müvafiq cavab da
göndərib. Ancaq məktəbin avtorizasiyasını yenə də
dayandırıblar.
"Monitorinq Xidməti iki çatışmazlıq müəyyən edib. Həmin
çatışmazlıqlara cavab olaraq bildirdik ki, həmin çatışmazlıqlar
qəbul edilib və düzəldilib. Dünən iclas idi, iclasda qərar qəbul
etdilər, məktəbi bağladılar, avtorizasiya dayandırıldı. Hesabatda
qeyd edilmiş iki çatışmazlıqdan biri qapalı idman zalının kiçik
olması ilə bağlıdır. Deyirlər ki, 75 kvadrat metr zal kiçikdir.
İkinci çatışmazlıq odur ki, 7 şagirdin qiymətləndirməsi köçürülüb.
Yəni 7 şagirdin işinə baxdıq, hamısı eyni cür qiymətləndirilib,
düzgün qiymətləndirilməyib", – Əhməd Tuğrul
bildirdi.
Davit Ağmaşenebeli adına məktəb-litseyin avtorizsiyası dünən, 27
fevral tarixində dayandırılıb. Məktəb direktorunun “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Monitorinq Xidmətinin
qərarını şikayət etməyi planlaşdırırlar və bu gün, 28 fevral
tarixində məhkəməyə ərizə verəcəklər.