Yerli əhali Marneuli bələdiyyəsinin Şulaver kəndində keçirilən
etiraz aksiyası zamanı saxlanılan şəxslərin
azadlığa buraxılmasını gözləyir. Onlar bildirirlər ki,
saxlanılanlar sərbəst buraxılmayana qədər ərazini tərk
etməyəcəklər.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, hüquq-mühafizə orqanlarının əməkdaşları İnzibati Xətalar
Məcəlləsinin 173-cü maddəsi ilə iki nəfəri saxlayıb. Sözügedən
maddə polisin qanuni tələbinə tabe olmamağı nəzərdə tutur.
Yerli fermerlər səhər
saatlarından toplaşaraq məhsulların satışı
ilə bağlı yaranmış problemlərə görə Marneuli meri Daur İsmayılovla
görüş tələb ediblər. Lakin tələblərinə baxmayaraq, merin əraziyə
gəlməməsi vəziyyətin gərginləşməsinə və magistral yolun bağlanması
cəhdinə səbəb olub.
Daha sonra aksiya iştirakçıları ilə merin müavini Qorqi
Qodabrelidze görüşüb və o, hazırda hadisə yerindədir.