Lavrov Bayramova: Müttəfiqlik bəyannaməsini tam reallaşdırmağa doğru irəliləyirik
Qlobal iqtisadiyyatda çətinliklərə baxmayaraq, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq müsbət yöndə inkişaf edir.

TASS-ın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bunu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarda səsləndirib.

"Dünya iqtisadiyyatındakı bütün çətinliklərə baxmayaraq, ümumilikdə ölkələrimiz arasında dinamika müsbətdir",
– Azərbaycanın xarici işlər naziri söyləyib.

Bayramov onu da vurğulayıb ki, humanitar sahə

Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin ənənəvi olaraq mühüm elementlərdən biri olaraq qalır.

Sergey Lavrov isə bildirib ki, Rusiya ilə Azərbaycan dövlət başçıları daxil müxtəlif səviyyələrdə müntəzəm təmaslar sayəsində iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin potensialının tam reallaşdırılmasına doğru irəliləyir.

Lavrov əlavə edib ki, iki ölkənin xarici işlər nazirlikləri arasında dialoq növbəti dəfə bu təmasları tamamlayır.

"Bütün bunlar göstərir ki, vaxtaşırı müəyyən çətinliklər yaransa da – bu, həyatda qaçılmazdır – biz 22 fevral 2022-ci ildə imzalanmış Moskva Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Bəyannaməsinin potensialının tam reallaşdırılmasına doğru irəliləyirik", – Lavrov vurğulayıb.

Nazir sənədin imzalandığı tarixə də ayrıca diqqət çəkərək əlavə edib: "Maraqlı rəqəmdir – 22.02.22".

2022-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Moskvada iki ölkə arasında “...müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar. Həmin bəyannamədə iki ölkə arasında, siyasi, iqtisadi, ticari və daha bir çox sahədə əməkdaşlığın inkişafının vacibliyindən bəhs edilirdi.

Həmin tarixdən iki gün sonra Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamışdı.


Elə Bayramovun səfərindən bir neçə gün əvvəl Kreml Azərbaycanın Ukrayna ilə bağlı mövqeyini “səhv” adlandırmışdı. Belə ki, Prezident İlham Əliyev Şuşa Beynəlxalq Media Forumunda Ukraynanın ərazi bütövlüyünə dəstək bildirmiş, Kiyevə işğalla barışmamağı tövsiyə etmişdi.

Kremlin sözçüsü Dmitri Peskov isə demişdi ki, bu mövqe “yanlışdır”, "bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik".

Lavrov: Təyyarə qəzası ilə bağlı bütün məsələləri həll etmişik
TASS-ın məlumatına görə, Sergey Lavrov bildirib ki, Moskva və Bakı 2024-cü ilin dekabrında AZAL-ın sərnişin təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri tam yoluna qoyublar.

"Bu il ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizin apardığı iş sayəsində 2024-cü il dekabrın 25-də AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri həll etmişik", – Lavrov deyib.

2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub.

Azərbaycan rəsmiləri təyyarəyə Rusiya hava məkanında müdaxilə olunduğunu və onun kursdan çıxaraq Qazaxıstan istiqamətinə yönəldiyini vurğulayaraq hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildirirdilər. Bakı rəsmi Moskvadan qəzaya görə məsuliyyəti etiraf etməyi, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirdi. Rusiya tərəfi ilkin mərhələdə üzrxahlıq etsə də, digər tələblər uzun müddət yerinə yetirilməmiş qalırdı.

Amma bu ilin aprelində AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunduğu açıqlandı.

Bu arada həm Rusiyada Azərbaycan dasporunun təmsilçilərindən, həm də Bakıda Rusiya vətəndaşlarından müxtəlif ittihamlarla həbs edilənlər olmuşdu. Lakin bir qədər sonra liderlərin birbaşa təmaslarından sonra Azərbaycan tutulan Rusiya vətəndaşlarının bəzisini, o cümlədən "Sputnik-Azərbaycan"ın əməkdaşlarını sərbəst buraxmışdı. Yenidən müttəfiqliyə aid bəyanatlar çoxalmağa başlamışdı.

Bütün bunlarla yanaşı bir çox ekspertlər son illər yaşanan narazılığın reallıqda o qədər də dərin olmadığı düşüncəsində idilər. Onlar hesab edirlər ki, Rusiya və Azərbaycan hakimiyyətinin strateji baxımdan dünyada baş verən bir çox olaylara oxşar baxışları var və bu, bir çox ayrı-ayrı məsələlərə fərqli münasibətlər olsa da tərəflər arasında ciddi narazılıqlara imkan vermir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google