2020-ci ildə koronavirus pandemiyasının başlaması ilə Azərbaycan
quru sərhədlərini bağladı və bu qadağa bu günə qədər qüvvədə qalır.
İllərdir iki ölkə arasında gediş-gəliş yalnız yüksək qiymətlərlə
fəaliyyət göstərən aviaşirkətlərin uçuşları ilə mümkün idi.
Son zamanlar isə Tiflis-Bakı marşrutu üzrə qatar reysləri bərpa
olunsa da, biletlərin sayı məhduddur və tapılması son dərəcə
çətindir.
Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımız üçün qatar həm uçuş
qorxusundan azad olmaq, həm də daha əlçatan nəqliyyat vasitəsi idi.
Lakin bilet qıtlığından istifadə edən dələduzlar vətəndaşları
tələyə salaraq qanunsuz gəlir əldə etmək xəyalına düşüblər.
Mümkün bilet tələsinə düşənlərdən biri də Marneulili siyasətçi,
"Vahid Milli Hərəkat" partiyasının üzvü Nərgiz Əliyevadır.
Bilet axtarışından dələduzluq qurbanına:
Nərgiz Əliyeva avqust ayı üçün Tiflis-Bakı qatarına bilet
axtararkən rəsmi və turizm şirkətlərində yer tapılmadığını
bildirir. Sosial şəbəkələrdə "Georgian Air" adlı səhifəyə rast
gələn siyasətçi onlarla əlaqə saxlayıb.
"Mənə dedilər ki, istədiyiniz tarixlərə bilet var və
WhatsApp nömrəsi təqdim etdilər. Təbii ki, ödənişi əvvəlcədən etmək
istəmirdim. Dedim ki, sizə necə etibar edə bilərəm? Dedilər ki,
onda Qardabani rayonunun Qabal kəndindəki ofisimizə yaxınlaşın.
Təbii ki, bilirdilər ki, mən fiziki olaraq ora gedə bilməyəcəm.
Sonra mənə hesab nömrəsi göndərəcəklərini, ödənişdən sonra bileti
PDF formasında atacaqlarını dedilər."
Siyasətçi başının işə qarışıq olmasından və qarşı tərəfin onu
tanıdığını bildirməsindən istifadə olunaraq inamının qazanıldığını
vurğulayır. Hesab nömrəsi göndərilərkən şəxsiyyət vəsiqəsi təqdim
edilib, lakin həmin sənəd Bolnisi sakininə aid olub. Pulu
köçürdükdən iki saat sonra biletini soruşan Əliyeva cavab ala
bilməyib, zəng etdikdə isə nömrənin deaktiv edildiyini və sosial
şəbəkələrdə bloklandığını görüb.
Nərgiz Əliyeva həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün onun
fotosunu paylaşıb və Faxralıdan olan dostlarının köməyi ilə dərhal
şəxsiyyət vəsiqəsinin sahibinin koordinatlarını əldə edərək onunla
əlaqə saxlayıb.
"Hər zaman ehtiyatlı olan, heç kimə asanlıqla etibar
etməyən bir insan kimi həyatımda ilk dəfə dələduzluq qurbanı oldum.
Biletin pulu mənim üçün önəmli deyil, əsas məsələ başqalarının bu
tələyə düşməməsidir."
Dələduzluq sxemi necə işləyir?
Nərgiz Əliyevanın apardığı şəxsi araşdırma və polisə müraciətindən
sonra bu cinayətkar şəbəkənin mexanizmi bəlli olub:
Gənc və saf vətəndaşların tələyə salınması:
Dələduzlar TikTok və ya digər platformalarda "hesab nömrəsini
təqdim edənə ayda 100 lari mükafat" kimi saxta elanlar
paylaşırlar.
Məxfi məlumatların ələ keçirilməsi: Şəxsi məlumat
şüuru aşağı olan gənclərdən şəxsiyyət vəsiqəsi, bank hesab nömrəsi
və hətta İnternet Bankinq məlumatları (login/parol) alınır.
Qurbanlardan pulun toplanması: Bilet və ya digər
xidmət adı ilə aldadılan vətəndaşlar ödənişi bu günahsız üçüncü
şəxslərin (məsələn, həmin Bolnisi sakininin) hesabına
köçürürlər.
Pulun izinin itirilməsi (Yuyulması): Hesaba daxil
olan vəsait dərhal bukmeyker (məsələn, AdjaraBet), TikTok, Google
və ya saxta profillərə köçürülərək nağdlaşdırılır və izi
itirilir.
Polisə müraciət və cəmiyyətə çağırış
Nərgiz Əliyeva dərhal Marneuli Polis Şöbəsinə müraciət edərək ərizə
yazıb. Məsələ ilə bağlı istintaq başlayıb və hesabı istifadə olunan
gənc də ailəsi ilə birgə polisə çağırılaraq dindirilib, ifadəsi
alınıb.
Siyasətçi vətəndaşlara və xüsusilə gənclərə müraciət edərək
xəbərdarlıq edir:
"Gənclərimizə səslənirəm! heç bir halda şəxsi
məlumatlarınızı, bank hesablarınızı və parolunuzu tanımadığınız
insanlara verməyin. Göydən asan pul düşmür! Aldadılan bütün
vətəndaşları isə məbləğ az da olsa, mütləq hüquq-mühafizə
orqanlarına müraciət etməyə və məsələni ictimailəşdirməyə
çağırıram. Bu gün susarsaq, sabah başqa soydaşlarımız da bu
insafsızların qurbanı olacaq."
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415