Gözünü kor etmişdilər, indi də ölüm cəzası kəsilib
15:34 / 04.09.2026
2022-ci il etirazlarında yaralanmış etirazçıya indi də İranda ölüm
cəzası kəsilib.
Məlumatı onun dostları və hüquq müdafiə təşkilatları yayıblar.
Tehran İnqilab Məhkəməsi Kərəcdəki Qızılhisar həbsxanasında
saxlanılan Əli Zareyiyi "yer üzündə fəsad törətmək" ittihamı ilə
ölüm cəzasına məhkum edib. Bunu ABŞ-də yerləşən İranın HRANA hüquq
müdafiə təşkilatı bildirir.
Zareyi 2022-ci ildə "Qadın, Həyat, Azadlıq" etirazları zamanı
yaralandıqdan sonra ölkəni tərk etmişdi. O, Almaniyadan İrana
qayıdandan
sonra bu ilin aprelində saxlanılıb.
Məhkəmə qərarı avqustun 23-də Zareyiyə təqdim olunub. O,
genişmiqyaslı siyasi fəaliyyət göstərməkdə, zərərçəkmiş şəxslər
barədə saxta sənədlər hazırlamaqda, yalan xəbərlər yaymaqda və
rejim əleyhinə təbliğatda ittiham olunur.
Əvvəllər də qayıtmaq istəyibmiş
Zareyinin İrana qayıtmaq qərarı Almaniyadakı tanışlarını
təəccübləndirmişdi. Axı onun 2022-ci il etirazları zamanı
yaşadıqları yaddan çıxmamışdı, qayıdınca üzləşə biləcəyi
təhlükələri də gözə alırdılar.
Almaniyada Zareyi ilə təxminən bir ay birlikdə yaşamış iranlı
jurnalist və fəal Pərviz Yari AzadlıqRadiosunun fars xidmətinə
danışıb ki, Zareyi əvvəllər də qayıtmaq istəyibmiş, ancaq Yari onu
təhlükələr barədə xəbərdar edəndə fikrini dəyişib. "O,
bir dost, məsləhətçi kimi mənə bu barədə danışdı. Durumu ona izah
etdim, reaksiyam bir qədər sərt oldu və o, fikrini
dəyişdi", – Yari deyib.
Ancaq Zareyi sonucda Yariyə demədən qayıtmaq qərarına gəlib.
O, qərarını qismən yanvar etirazlarından sonra İran müxalifətinin
bəzi tərəfdarları arasındakı ab-hava ilə əlaqələndirib. Yarinin
sözlərinə görə, mühacirətdəki monarxist dairələr İranda siyasi
dəyişikliyin qaçılmaz olduğu təəssüratını yaradıb: "Bu hərəkat
həmin günlərdə mühacirətdəki siyasi fəallarda İrandakı vəziyyətlə
bağlı fərqli bir təsəvvür yaratmışdı: guya İslam Respublikası
dağılmaq ərəfəsindədir, qatar stansiyadan çıxıb və sadəcə ona
minmək lazımdır".
Pəhləviyə dəstək mitinqində çıxış
edib
Hakimiyyət 2022-ci il etirazlarını qəddarcasına yatıranda Zareyi
sağ gözündən vurularaq kor edilib, bundan sonra Almaniyaya gedib.
Yarinin sözlərinə görə, Zareyi özünü monarxist kimi təqdim edib,
ancaq heç bir siyasi partiya və ya təşkilatla rəsmi əlaqəsi
olmayıb.
Zareyi İran müxalifəti tərəfdarlarının toplantılarına, mühacirətdə
yaşayan keçmiş vəliəhd şahzadə Rza Pəhləviyə dəstək tədbirlərinə
qatılıb. O, bu ilin fevralında Münhendə etiraz aksiyasında çıxış
edib.
"1979-cu il inqilabı başa çatıb!", –
Zareyi izdiham qarşısındakı emosional çıxışında səslənib. Almaniya
polisi həmin aksiyada 250 min nəfərin iştirak etdiyini
bildirir.
Yarinin sözlərinə görə, Zareyi Almaniyada restoranda iş tapıb,
idman zalına yazılıb, alman dilini öyrənməyə çalışıb. Bu il
İrandakı etirazların zorakılıqla yatırılması ona ciddi təsir
göstəribmiş.
Hüquq müdafiə təşkilatları 6 mindən çox insanın öldürüldüyünü
sənədləşdiriblər. Bəzi hesablamalara görə, ölənlərin sayı on
minlərlədir.
Yarinin sözlərinə görə, bu görünməmiş zorakılıq hamı üçün kollektiv
travma yaradıb: "Məncə, mühacirətdə belə bir travmaya
dözmək bir qədər daha çətindir".
Zareyinin həm ailəsi, həm də vəkili ilə əlaqələrinə məhdudiyyət
qoyulub; onun işi barədə hazırda çox az məlumat var.
Ölüm hökmündən apellyasiya şikayəti verilə bilər.
Hüquq müdafiə təşkilatları bu il siyasi motivli 50-yə yaxın edam
faktını sənədləşdiriblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.