Əfqanıstanda iki uşaq anası Zahirə ötən il bir böyrəyini qara
bazarda satıb.
Ancaq bu qərar onun ailəsini yoxsulluğun məngənəsindən qurtarmayıb,
üstəlik, indi sağlamlığında ciddi fəsadlar yaranıb.
Zahirə AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə böyrəyini
çarəsizlikdən satdığını söyləyib:
"Borc içində
boğulurduq. Başqa yol yox idi. İndi o biri böyrəyim də sıradan
çıxmağa başlayır".
Zahirə bu vəziyyətdə tək deyil. 40 milyon əhalisi olan ölkədə
yoxsul əfqanlar aclıqdan qurtulmaq üçün orqanlarını, əsasən də
böyrəklərini satırlar. Halbuki insanların əksəriyyəti tək böyrəklə
normal yaşaya bilmir.
"Taliban" 2021-ci ildə hakimiyyəti ələ keçirəndən sonra
Əfqanıstanda humanitar böhran daha da ağırlaşıb. İqtisadiyyat
kiçilib, işsizlik və yoxsulluq kəskin artıb. İndi
milyonlarla əfqan
ərzaq yardımından asılıdır. Yardım təşkilatları ölkədə qidalanma
probleminin dərinləşdiyi barədə xəbərdarlıq edirlər.
Bəzi insanlar ailələrini dolandırmaq üçün orqanlarını, hətta bəzi
hallarda uşaqlarını belə satmağa məcbur olurlar.
Yaşam mübarizəsi
Qərbi Herat vilayətində yaşayan Zahirə böyrəyini 100 min əfqaniyə
(1 min 550 dollar) satdığını deyib. Bu vəsaitlə ailənin borclarının
yalnız bir hissəsini ödəyə biliblər və artıq bütün pul
qurtarıb.
35 yaşlı Zahirənin yaşlı əri işləyə bilmir. 16 yaşlı oğlu isə qonşu
İrana qanunsuz keçərək orada iş tapmağa çalışır. Hazırda ailənin
yeganə qazanc gətirəni Zahirədir. O, evdə iki qızı ilə qaldığını,
gündə birtəhər bir dəfə yemək yeyə bilmək üçün arabir təmizlik
işlərində çalışdığını deyir.
Qonşu Fərah vilayətində yaşayan Bismillah da böyrəklərindən birini
satmaq istəsə də, bu, alınmayıb.
"Qarşımda üç yol var: uşağımı satmaq, intihar etmək, ya
da oğurluq etmək", – deyən Bismillah fəhləlik etmək
üçün kənddən vilayət mərkəzi olan Fərah şəhərinə gedir.
"Beş gün iş axtardım, amma tapmadım. Altı aydır evdə oturmuşam.
İrana keçməyə çalışsaq da, bizi deportasiya edib geri
qaytarırlar", – o əlavə edir.
2021-ci ildən bəri yoxsulluqdan və "Taliban"dan qaçan yüz minlərlə
əfqan qonşu İrana qanunsuz yollarla keçib. Ancaq ABŞ və İsraillə
müharibə şəraitində olan Tehran sənədsiz əfqanları kütləvi şəkildə
deportasiya edir.
"Təkböyrəkli kənd"
Əfqanlar böyrəklərini çox vaxt qanunsuz orqan alveri şəbəkələri
vasitəsilə satırlar. Vasitəçilər böyrəyini satmaq istəyənlər üçün
qan qruplarına uyğun alıcılar tapırlar. Alıcılar isə əsasən varlı
əfqanlar, yaxud İran, Pakistan və Körfəz ölkələrindən gələnlər
olur.
Əfqanıstanın devrilmiş hökumətində qanunsuz orqan ticarətini
araşdırmış Seyid Əşrəf Sadat deyir ki, pulun böyük hissəsi
vasitəçilərə çatır. Böyrəyini satan şəxslər isə məbləğin çox kiçik
bir hissəsini, adətən orqanın həqiqi dəyərinin cəmi 20-30 faizini
əldə edə bilirlər.
Cərrahiyyə əməliyyatları özəl xəstəxanalarda və ya gizli
klinikalarda aparılır, korrupsiyaya bulaşmış tibb işçiləri isə buna
göz yumurlar. Hətta Herat vilayətindəki yaşayış məntəqələrindən
birinə yerli sakinlər arasında "təkböyrəkli kənd" adı verilib.
Digər tərəfdən, "Taliban" 2024-cü ildə insan orqanlarının
alqı-satqısını və transplantasiyasını yasaqlayıb. Silahlı qruplaşma
orqan köçürülməsini "İslama zidd" adlandırıb. Bu qərar xəstələrin
və həkimlərin narazılığına səbəb olub. Onlar minlərlə əfqanın tibbi
səbəblərdən orqan köçürülməsinə təcili ehtiyacı olduğunu
bildirirlər. Halbuki orqan transplantasiyası İslam ölkələri də
daxil olmaqla, bütün dünyada qəbul edilmiş bir müalicə
üsuludur.
"Belə yaşamaq olmaz"
"Radio Azadi" yazır ki, Əfqanıstanda qanunsuz satılan böyrəklərin
dəqiq statistikası yoxdur. Amma "Taliban" hakimiyyətə gələndən
sonra bu barədə məlumatların sayı kəskin artıb.
BMT-nin məlumatına görə, təxminən 14 milyon insan, yəni hər üç
əfqandan biri kəskin aclıq çəkir. Təşkilat ölkənin 34 vilayətindən
12-də uşaqlar arasında yetərsiz qidalanmanın rekord həddə çatdığını
bildirib.
Şimal-qərbi Badğis vilayətində tayfa ağsaqqalı Abdullah yerli
sakinlərin orqanlarını sırf səfalət və yoxsulluqdan satdıqlarını
deyib: "Allah rəhm etsin, bir yol açsın, çünki belə yaşamaq
olmaz".
Yaşlı ata Güləhməd də ailəsini dolandırmaq üçün oğlunun
böyrəklərindən birini satmağı düşünür:
"Dünya nə günə
qalıb ki, insan öz oğlunun böyrəyini satmaq istəyir, amma heç alıcı
da tapa bilmir? Hamımız acından ölürük", – o, "Radio
Azadi"yə gileylənib.
"Başqa neyləmək olar? Nə yardım
var, nə malım-mülküm, nə də işim. Hara gedim?".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.