Niyə hamı eyni yeməkləri xoşlamır?
Bəzi dadlar var ki, heç də hamımız bəyənmirik.

Birinə şokolad və ya isti çörək təklif etdikdə "yox" cavabı almaq şansı çox azdır. Amma bir tanışımıza biyan və ya quru kokosa batırılmış bir şirniyyat vermək istəsək, böyük ehtimal ki, rədd cavabı alarıq.

Qəribə səslənir. Yaşamaq üçün eyni hava ilə nəfəs alırıq, eyni Günəşin şüalarını qəbul edirik və damarlarımızdan səkkiz qan qrupundan birinə aid qan axır. Dadından asılı olmayaraq, eyni "yanacağı" qəbul etmək fikri də ağlabatandır.


Amma elə deyil. Dad ciddi bir elmdir və onu yaxşı bilmək üçün dilimizə nəzər yetirməliyik.

Dil

Dilimizin üzəri nahamardır. Bu nahamarlığı təşkil edən çıxıntılar məməciklər (papillae) adlanır. Qida ağzımıza daxil olduqda müxtəlif dadlara reaksiya verən dad tumurcuqları da bu çıxıntılarda yerləşir. Lakin dildəki məməciklərin sayı insandan-insana fərqlənir.

Dadlar beş kateqoriyaya ayrılır: acı, şirin, turş, duzlu və xoşməzə. Dad tumurcuqları insandan-insana dəyişdiyi üçün eyni yeməyə qarşı reaksiya da fərqli olur.



Bu xüsusilə də dadları daha çox hiss edən insanlara "super taster" xas həqiqətdir. Onların dillərində məməciklərin sayı çox olur və müəyyən dadlar, əsasən də turş və acı, onlara pis təsir göstərir. Az məməciyə sahib insanlar isə güclü dadlara qarşı həssas deyillər və onlar "subtaster" adlandırılırlar. Subtasterlərə acı dad az təsir göstərdiyi halda, super tasterlər dərhal soyuq su və ya qatıq içmək istəyirlər.



Super taster olub-olmadığınızı müəyyənləşdirmək istəyirsiniz? Bunun ən yaxşı üsulu dilinizə mavi rəngli qida rəngləndiricisi sürtməkdir. Mavi rəng məməciklərə yapışmır. Əgər diliniz maviləşmirsə, demək çox məməciyə sahibsiniz və super tastersiniz.

Lobya sevirsiniz? Bu genetik ola bilər
Hər şey dad tumurcuqları ilə bitmir. Dilimizin göndərdiyi siqnalları beynin oxumasından asılı olaraq, beş dadın ayrılmasında müxtəlif kimyəvi maddələrin də rolu var.

Doğulduğumuz andan bizə şirinin yaxşı, acını pis olduğu aşılanır. Bu sağ qalmaq texnikasıdır. Orqanlarımız üçün ziyanlı qidalar adətən yaxşı dadmırlar.

Bu təkamül ilə bağlıdır və genlərimizin də rolu az deyil. Dilimizdə acı dadı müəyyənləşdirən təxminən 25 reseptor yerləşir, lakin onlar hər kəsdə eyni cür işləmir. Xüsusilə də biri: TAS2R38 adlanan və profiltiorasil (propylthiouracil) və ya qısaca PROP dadını müəyyənləşdirən reseptor. Heç də hər kəs PROP dada bilmir və araşdırmalar göstərib ki, PROP hiss etməyən insanlar acı və yağlı yeməklərdən ləzzət alırlar.


Ana bətnində ikən biz anamızın sevdiyi yeməkləri dadırıq. Hamiləlikdə dad bətnə amniotik maye vasitəsilə və doğulduqdan sonra, ana südü vasitəsilə ötürülür. Lakin sonralar bizə ləzzətli gələn yeməklər fərqli dadların bizim üçün nə qədər əlçatan olmasından asılı olaraq formalaşır.

Elizabeth Phillips Arizona Dövlət Universitetinin psixoloqu və dad mütəxəssisidir. O deyir: İnsan iki yaşa qədər hər şeyi yeyə bilər.

"Lakin sonradan neofobikləşirik və yeni qidanı bəyənmirik. Əgər iki yaşınıza qədər istər amniotik maye, istər ana südü, istərsə də normal yemək vasitəsilə müəyyən dadlarla tanış olmamısınızsa, onu bəyənməyəcəksiniz."

Bəzi dadlar yaşla formalaşır
18-ci yaş günü hamının xüsusi həvəslə gözlədiyi bir gündür. Ola bilsin ki, həyatınızda ilk dəfə pivəni o gün dadıbsınız. Əgər pivəni ilk dəfədən içib bəyənmisinizsə, bu cür acı dada ilk dəfə yaxşı reaksiya verən nadir insanlardan birisiniz.



Pivə elə bir daddır ki, ilk dəfədən bəyənməyən insanlar belə, zamanla özlərini onu içməyə alışdıra bilirlər.

Amerikanın Yale Universitetində psixiatriya və psixologiya müəlliməsi Dana Small 2013-cü ildə aparılan bir araşdırmada deyirdi: "Bir qidanı qəbul edən zaman bütün hormonlar ifraz olunur. Qan şəkəri dəyişir, beynin dadı əks etdirməsi üçün bütün metabolik təsirlər baş verir. Əgər bir qidanı ilk dəfə dadır və pozitiv təsir alırsınızsa, növbəti dəfə həmin qida sizə daha dadlı gələcək və daha çox qəbul etmək istəyəcəksiniz."

Lakin əksi də mümkündür. Dr. Phillips, bədənin bir qidanı ilk dəfə yeyib və ya içən zaman sağ qalma mexanizmini hərəkətə keçirdiyini önə çəkir. Beyin həm qoxu, həm dadı zəhərli sanaraq ikrah və ya sevməmə hissi formalaşdıra bilər.

Qidanın quruluşu
Təkamül, mədəniyyət, cins və həyat təcrübəsi müxtəlif insanlar fərqli dadlara reaksiyasına təsir etsə də, qidanın quruluşuna qarşı individual reaksiyanı izah etmək sirr olaraq qalır.



Bəziləri donuz qığırdağını ləzzətlə çeynəməyi sevdiyi halda, bəziləri ondan iyrənir. Müəyyən qidaların toxunuş hissi bəzi insanlara xoş gəlmir (məsələn, bişmiş lobya və ya kokos), amma alimlər bunu izah edən əsaslı bir dəlil irəli sürə bilmirlər.

Mənbə: bbc.com
Print