Alimlər məşhur “it baxışı”nın sirrini tapıblar
15:53 / 25.06.2019
İtlərin baxışları sizi kövrəldir,
eləmi? Heç təəccüblü deyil, çünki onlar sahiblərinin
hissləriylə manipulyasiya etmək üçün o cür məsum-məsum baxırlar -
alimlər belə deyir.
İnsanların xoşuna gələn o baxışları təkamül nəticəsində meydana
gəlmiş gözətrafı əzələlər təmin edir.
Britaniya və ABŞ alimləri itlərlə canavarların anatomiyasını
müqayisə ediblər. Məlum olub ki, itlərdə canavarlarda olmayan bir
detal var - daxili qaşı qaldırmağa imkan verən kiçik əzələlər.
Onların sayəsində itlərin üzündə köməksiz "uşaq ifadəsi" yaranır,
bu ifadədən ürəyi yumşalmayan insansa çox azdır.
"Əhliləşdiriləndən sonra itlərdə qaşların vəziyyətini dəyişmək
imkanı verən yeni əzələlərin olması barədə ciddi sübutlar əldə
etmişik" - Portsmut Universitetinin professoru, araşdırmanın
rəhbəri Juliane Kaminski "Proceedings of the National
Academy of Sciences of the USA" jurnalında dərc edilmiş
məqaləsində belə yazır.
"İt bu əzələsindən istifadə edəndə sahibində onu müdafiə etmək
istəyi yaranır" - Kaminski belə deyir.
"Mənalı qaşlar"
Bu əzələ itlərə qaşlarını tərpətmək və üzlərində müxtəlif ifadələr
yaratmaq imkanı verir, həmin ifadələrsə insanlarda anlayış və
şəfqət təsəvvürü yaradır.
Eyni zamanda, insanın kədərli vaxtındakı davranışının imitasiyasını
xatırladan bu hərəkət zamanı itin göz ölçüsü də böyüyür və bu onu
balaca küçüyə bənzədir.
Kaminski-nin sözlərinə görə, insanlar qeyri-şüuri olaraq belə
itlərə üstünlük verir, onları müdafiə edir və çoxaldırlar. Bu isə
təkamül baxımından o itlərə üstünlük yaradır və bu bacarığı
genetika səviyyəsində möhkəmlədir.
İtin məsum baxışı Amerika və Britaniya alimlərinin anatomiya və
müqayisəli psixologiya sahəsində əldə etdikləri məlumatlar sübut
edir ki, üz ifadəsini dəyişmək qabiliyyəti itlərdə insanlarla min
illərdir davam edən birgə yaşayış təcrübəsi sayəsində inkişaf
edib.
Daha əvvəlki araşdırmalar zamanı məlum olmuşdu ki, itlər məsum
baxış variantından insanlar onlara baxan zaman istifadə edirlər:
burdan belə bir qənaət yaradır ki, itlər qəsdən bu cür davranırlar
və bu davranış insanların reaksiyasına hesablanıb.
Araşdırmanın həmmüəlifi, ABŞ-ın Duquesne Universitetinin anatomiya
professoru Anne Burrows qeyd edir ki, təkamül nöqteyi-nəzərindən
itlərin üz əzələlərində dəyişiklik çox tez baş verib və bu
dəyişiklikləri insanlarla itlərin sıx təmasının nəticəsi hesab
etmək olar.
Portsmut Universitetinin professoru Bridget Waller deyir ki, bu
nəticələr bütün sosial tərəfdaşlıq növlərində, o cümlədən, müxtəlif
növlər arasında üz ifadəsi vasitəsilə ötürülən siqnalların nə qədər
vacib olduğunu sübut edir.
Araşdırmanın nəticələri "Proceedings of the National
Academy of Sciences" (PNAS) jurnalında dərc edilib.
Araşdırmanın nəticələri "Proceedings of the National
Academy of Sciences" (PNAS) jurnalında dərc edilib.
Mənbə: bbc.com