Marneulidə "Algetin səsi" adlı mərkəz fəaliyyətə başladı
Algeti kəndində yeni “Algetin səsi” adlı mərkəz fəaliyyət göstərməyə başlayıb. Mərkəz “Orbeliani Gürcüstan” fondunun dəstəyi ilə lazımi avadanlıqlarla təmin olunub.
13 iyun tarixində açılışı baş tutan Algeti 2 saylı ictimai məktəbində “Algetin səsi” adlı mərkəzin açılmasının əsas məqsədi kənddə yaşayan gənclərin maarifləndirilməsi, onların fəal vətəndaş kimi yetişdirilməsidir.
Bu vaxt ərzində mərkəzdə iməcliklər, poeziya gecələri, sorğular və məlumat xarakterli görüşlər keçirilib. Mərkəz həmçinin Mollaoğlu kəndində fəaliyyət göstərən “Yeni Düşüncə İnstitutu” ilə də əməkdaşlıq edib və birlikdə gənclərə fərqli mövzularda maarifləndirmə xarakterli təlimlər keçiriblər.

Algeti 2 saylı ictimai məktəbinin köməkçi müəllimi və “Algetin səsi” mərkəzinin təsisçisi Ayşən Qızbəsova Marneuli radiosuna müsahibəsi zamanı qeyd etdi ki, Algeti kəndində gənclərin öz bacarıqlarını nümayiş etdirmələri, fəal olmaları və gün ərzində vaxtlarından səmərəli istifadə etmək üçün elə bir məkan yoxdur. Qızbəsova onu da qeyd etdi ki, Algeti kəndində uzun illərdir belə bir məkana ehtiyac var idi. O, düşünür ki, mərkəzin açılması sayəsində gənclər QHT-lərlə əməkdaşlıq edəcək, təlimlərdə iştirak edərək daha fəal olacaqlar.

“Təəssüf, kəndlərimizdə mədəni-ictimai fəaliyyət donmuş vəziyyətdədir və ruhumuz kasıblığa düçar olub. Canlanma üçün birliyə-bərabərliyə ehtiyac var” - Ayşən Qızbəsova deyir.

Qızbəsovanın sözlərinə görə, bu vaxt ərzində onlar təlimlərlə yanaşı gəncləri gəzinti məqsədi ilə Gürcüstanın bir neçə şəhərlərinə aparıblar. O, deyir ki, indiki mərhələdə mərkəzə gənclər tərəfindən maraq çoxdur, lakin məkan kiçik olduğundan gələcəkdə meriyaya müraciət edərək məkanı böyütmək və dəyişmək üçün onlarla da əməkldaşlıq etməyi düşünürlər.













"Marneuli" radiosu
Print
თეგები: Marneulifm Marneuli