Koronavirusun yeni simptomu - Ksenefobiya (FOTO)
Marneulidə 62 yaşlı qadının koronavirusa yoluxması xəbərini vermişdik.
Qadın daha əvvəl yas mərasimində iştirak etdiyinə görə 23 mart tarixində Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə alınıb. Bundan sonra sosial şəbəkələrdə etnik azərbaycanlılara qarşı qeyri-etik fikirlər yazılaraq paylaşımlar edilib.

Etnik azərbaycanlıların Gürcüstandan getməsi, həmçinin Marneuli və Bolnisi bələdiyyələrinin ciddi karantin rejiminə keçməsini məhz vəziyyəti ağır olan koronavirus daşıyıcısı Marneulili qadınla əlaqələndirərək aqressiv fikirlər irəli yürüdürlər. Bəziləri yazdıqları fikirlərdə azərbaycanlıları “Tatar” belə adlandıraraq dövlət dilini bilmədiklərini vurğulayıb. Yazılan fikirlərin çoxunda Marneuliyə yönləndirilmiş fikirlərə rast gəlmək mümkündür. Belə ki, Marneulililərin dövlət dili deyil, azərbaycan və rus dillərinə üstünlük vermələri və əsasən bu dildə danışmalarından bəhs olunur.



Təbii ki, bu fikirlərin əksini səsləndirənlər də az deyil. İnsanların bəziləri eyni dövlətin vətəndaşları olduqlarını və milli ayrımçılıq etməməyin düzgün olmadığını yazıblar. Gürcüstan milli kitabxanasının direktoru Qiorqi Kekelidze və eləcə də bəzi insanlar yazılan fikirlərin yanlış olduğunu düşünərək paylaşım ediblər.

“1. Xəstəliyini gizlədən və virusu yayan qadın aydındır ki, məsuliyyətsiz vətəndaşdır.
2. Xəstəliyini gizlədən və virusu yayan qadın eyni zamanda özü də bu xəstəliyin qurbanlarındandır və ona sağalmağını arzu edirəm.
3. Bu qadın səhvə yol vermiş Gürcüstan vətəndaşıdır, “öləsi tatar” deyil.
4. Eynilə karantindən qaçan və onları aparmaq istəyənlərin sifətlərinə yumruq vuranlar kimi.
Və Marneulidə, ya Bolnisidə, ya Axalkalakidə, ya da Axaltsixedə, yaxud Dmanisidə sonuncu dəfə nə vaxt olmuşunuz ki, indi çığır-bağır salırsınız? Bizi öldürdü, bizi öldürdü deyirsiniz. Bizi öldürmədi, biz hamımız birlikdə öldük. İndi özümlə fəxr etməyəcəyəm, heç bunun vaxtı da deyil, lakin həftədə bir dəfə gedirdik, Gürcü dili dərsi keçirdik və kitablar aparırdıq, bəlkə kimsə bunu özünü göstərmək üçün aksiya olduğunu düşünürdü, və ya indi də elə düşünür.Oralarda mükəmməl insanlar yaşayır, xüsusilə gənclər. Əsas odur ki, onlarla tez-tez və açıq aydın söhbət edin”, –
Qiorqi Kekelidze yazıb.



Marneuli və Bolnisidən olan dostlarına dəstək olanlardan biri də Mariam Kruaşvilidir. O, 10 gündür ki, Batumidə karantində olmasına baxmayaraq oradan video paylaşım edərək dostlarına dəstək olub.



“Bu gün 2020-ci ilin 23 mart tarixi, karantinin 10-cu günüdür. Mənim adım Mariamdır. Bu qısa çıxışımla Marneulidə və Bolnisidə yaşayan dostlarıma, həmçinin, həmin ərazidə yaşayan və bu gün çətin vəziyyətdə olan vətəndaşlara, müraciət etmək istəyirəm. Mən inanıram ki, birlikdə buna qalib gələcəyik və tezliklə bu vəziyyət bitəcək. Mən buraya gələndə həmin tanıdığım adamlar mənə çox sayda mesajlar yazırdı. Bu gün isə həmin ürəkdən gələn salamları və xoş arzuları mən geri qaytarmaq istəyirəm. Çalışacağam ki, bacardığım qədər dəstək olum. Hələ 5 gün ərzində yenə burada qalmalıyam, ona görə çox şey edə bilməyəcəyəm. Karantində yaşamaqla bağlı müəyyən təcrübə topladım və lazım olduğu halda məsləhətlər verə bilərəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, dil maneəsi çox böyük məlumat vakuumu yaratdı. Bu çox ağır nəticələrə aparıb çıxara bilər və ona görə də qeyd etdiyim problemin həlli üçün çalışmalıyıq. Hamınıza xoş arzularımı çatdırıram. Əsas odur ki, məlumatlı olaq və bunu başqaları ilə bölüşək. Bir də əsas daxili sakitliyi qorumaqdır. Sizə sakitlik, sağlamlıq və yaxınlarınızın yaxşı olmasını arzu edirəm”, – Mariam Kruaşvili deyir.

Məsələ ilə bağlı Marneuli meri Zaur Darğallının da nə düşündüyü ilə maraqlandıq. Mer “Marneuli” radiosu ilə müsahibəsi zamanı bildirdi ki, edilən paylaşım və yazılan fikirlərdən xəbərdardır. Onun sözlərinə görə, həmin paylaşımlar lazımi idarələrə artıq çatdırılıb.

“Bu insanlar heç bir vətəndaş məsuliyyəti olmayan insanlardır. Təəssüf olsun ki, bu cür yersiz statuslar paylaşırlar və dövlət həmin insanların paylarını verəcək”, – Zaur Darğallı dedi.

Darğallı həmçinin yazılanlarla bağlı öz səhifəsində də paylaşım edəcəyini bildirdi.



Marneulili fəal Samirə Bayramovanın sözlərinə görə, koronavirusla bağlı Marneuli və Bolnisi bələdiyyələri karantinə alındığı gündən regionla bağlı təhqiredici, etikadan kənar paylaşımlar olunub. O, bildirir ki, bu insanların ölkədə yaşayan etnik azlıqları kifayət qədər tanımamalarından irəli gəlir.

“Biz bir çox səhifələrdə insanların təhqir edici, alçaldıcı, qeyri etik şəkildə öz fikirlərini yazdıqlarını gördük. Bu o deməkdir ki, Gürcüstanda yaşayan millətlər, qruplar hələ bir-birlərini tanımırlar və bir-biriləri barədə kifayət qədər məlumatları yoxdur. Mən deyərdim ki, bunların içərisində olan nifrətin səbəbi Gürcüstanda yaşayan etnik azlıqlar haqqında məlumatlarının olmamasıdır. Bir çox paylaşımlarda gördüm ki, insanlar yazıblar bunlar yaxşı oldu ki, koronavirusa tutulublar və orada hamısı ölməlidirlər, hamısını ölkədən çıxarmaq lazımdır, zəhərləmək lazımdır, məhv etmək və bunların kökünü Gürcüstandan kəsmək lazımdır. Eyni zamanda əlavə edirlər ki, məhz koronavirusun Kvemo Kartlidə olmasının əsas səbəbi Davit Qareci məsələsinə görə Allah onları cəzalandırıb. Çox təəssüf olsun ki, onlar bunu anlamırlar ki, bu beynəlxalq bir məsələdir və sadəcə Gürcüstanda deyil. Qaldı ki, dil problemi bəli, regionda yaşayan erməni və azərbaycanlı millətlərin gürcü dilində yaşadıqları problemlər var. Bu haqda dəfələrlə danışılıb. Amma problem o deyil ki, məhz onlar gürcü dilini öyrənməkdə həvəsli deyillər. Bununla bağlı biz bilirik ki, təhsil sahəsində nə qədər böyük problemlər var, nə qədər çatışmazlıqlar var. İstər siyasi baxımdan, istər iqtisadi məsələlərdə, sosial məsələlərdə kifayət qədər problemlər var. Təəssüf olsun ki, təhsillə bağlı bir çox proqramlar keyfiyyətsizdir, nəzarətsizdir və demək olar ki, dövlət Gürcüstanda yaşayan etnik azlıqlara dövlət dilini öyrədə bilmir. Böyük məsuliyyətsizlik var, məsələyə ciddi yanaşma yoxdur və hər kəs bilməlidir ki, Gürcüstanda gürcü dilini bilmək dövlətin üzərinə düşən bir məsuliyyətdir ki, o öz ölkəsində yaşayan etnik azlıqlara dövlət dilini tədris etsin”, – Samira Bayramova dedi.

Xatırladaq ki, 23 mart tarixindən etibarən Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Qeyd olunan qərar Marneulidə bir qadının koronavirusa yoluxmasından sonra verilib.

Müəllif : Pərvin Hacıyeva
"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print
თეგები: covid-19