Marneuli xəstəxanalarında hazırda 80 yataq və 30 süni tənəffüs aparatı hazır vəziyyətdədir
Marneuli xəstəxanalarında və səhra xəstəxanasında hazırda 80 yataq və 30 süni tənəffüs aparatı hazır vəziyyətdədir. Səhiyyə Siyasəti İdarəsinin rəhbəri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyə ərazisində hazır vəziyyətə gətirilmiş yataq və süni tənəffüs aparatı barədə məlumat gündəlik olaraq dəyişir.

“Əgər Marneuli barədə ayrıca danışarsaq, düzgün olmaz. Çünki ehtiyac olduğu təqdirdə ölkə miqyasında hazır vəziyyətdə olanların hamısı istifadə olunacaq. Marneulidə olan yataqların sayı kifayət etməsə, bu demək deyil ki, pasiyent elə qalacaq. Belə olan halda o, Gürcüstan miqyasında hazır vəziyyətdə olan digər yerlərə aparılacaq, lakin onu da deyim ki, Marneulidə olan yataqların bəs edəcəyini düşünürük”, – Eka Adamia bildirdi.

23 mart tarixində “Geo Hospitals”-ın Marneulidəki klinikasının ərazisində səhra xəstəxanası qurulub. Klinikanın özü isə həkim və xəstələrlə birgə karantinə alınıb. “Aversi” klinikası isə çoxfunksiyalı xəstəxanaya çevrilib.

Qeyd edək ki, 23 mart tarixində, saat 00:30-da Gürcüstanın baş naziri Marneuli və Bolnisini karantin zonası elan edib. Bu bələdiyyələrin ərazisinə giriş-çıxış dayandırılıb.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19