Qənaət nəticəsində nə qalarsa, uşaqlar üçün bir şey düşünərik - Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri
Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi tətil müddətində uşaqları qida məhsulları ilə təmin edə bilmir. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bu kimi proseduranın çətin olduğunu deyir.

“Çox çətin proseduradır. Misal üçün deyim ki, gündə 44 qram xama, qatıq, yulaf və müxtəlif məhsullar verməliyik, bu necə olacaq? Çətindir. Mən başqa birliklərin rəhbərləri ilə də söhbət etdim, onlar da belə düşünür. Fikirləşirəm ki, sonra da nə isə edə bilərik. Məsələn, qənaət nəticəsində nə qalarsa, uşaqlar üçün bir şey düşünərik”, - Zaur Kərəmov dedi.

Zaur Kərəmov qorxur ki, bu kampaniyanı başlamaqla koronavirusun yayılmasına daha çox şərait yaratmış olarlar. Xüsusi təchizat almaq üçün isə böyük xərclər lazımdır.

“Belə bir şey etmək üçün əməkdaşlar, validyenlər gəlməlidir. Belə olan halda yaxın təmas yaranacaq və koronavirusun yayılmasına şərait yaratmış olarıq. Çox böyük xərc lazımdır ki, xüsusi geyim və dezinfeksiya vasitələri alınsın”, - Zaur Kərəmov dedi.

Marneuli Uşaq Bağçaları Birliyində təhsil prosesi dayandırıldıqdan sonra ehtiyatda yalnız 1000-ə yaxın yumurta qalıb. Bu məhsulu aztəminatlı ailələrə verməyi düşünürdülər. Ancaq yumurtalar yetərli sayda olmadığı üçün fikirlərini dəyişdilər. Məhsul indi bağça əməkdaşlarının evində saxlanılır. Təhsil prosesi bərpa olunduqdan sonra təxminən 350 larilik yumurtanı geri qaytaracaqlar, birlik isə onu təqdim edən şirkətə verərək dəyişəcək.

Yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Gürcüstanda uşaq bağçaları fəaliyyətini dayandırıb. Tbilisi meriyası qərar qəbul edib ki, bütün uşaqlara düşən payı evlərinə versinlər. Tbilisi uşaq bağçalarında məhsulun verilməsinə 19 mart tarixindən başlanılıb. Zaur Kərəmov deyir ki, bu təcrübəni həyata keçirmək üçün paytaxtın Uşaq Bağçaları Birliyinə müraciət etməyib.

Uşaqlara düşən qida ilə təmin etmək məsələsi Marneuli meriyasında da müzakirə olunmayacaq.

Uşaq bağçalarında təhsil prosesi koronavirusla bağlı yaradılmış Qurumlararası Koordinasiya Şurası tərəfindən 4 mart tarixində qəbul edilmiş qərara əsasən dayandırılıb. 21 mart tarixində ölkədə fövqəladə vəziyyət elan edildi.

Marneuli və Bolnisi bələdiyyələri 23 mart tarixində sərt karantin rejiminə keçib. Hökumət bu qərarı Marneulili qadının koronavirusa yoluxmasından sonra qəbul edib.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google