Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi tətil müddətində
uşaqları qida məhsulları ilə təmin edə bilmir.
Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bu kimi
proseduranın çətin olduğunu deyir.
“Çox çətin proseduradır. Misal üçün deyim ki, gündə 44
qram xama, qatıq, yulaf və müxtəlif məhsullar verməliyik, bu necə
olacaq? Çətindir. Mən başqa birliklərin rəhbərləri ilə də söhbət
etdim, onlar da belə düşünür. Fikirləşirəm ki, sonra da nə isə edə
bilərik. Məsələn, qənaət nəticəsində nə qalarsa, uşaqlar üçün bir
şey düşünərik”, - Zaur Kərəmov dedi.
Zaur Kərəmov qorxur ki, bu kampaniyanı başlamaqla koronavirusun
yayılmasına daha çox şərait yaratmış olarlar. Xüsusi təchizat almaq
üçün isə böyük xərclər lazımdır.
“Belə bir şey etmək üçün əməkdaşlar, validyenlər
gəlməlidir. Belə olan halda yaxın təmas yaranacaq və koronavirusun
yayılmasına şərait yaratmış olarıq. Çox böyük xərc lazımdır ki,
xüsusi geyim və dezinfeksiya vasitələri alınsın”, -
Zaur Kərəmov dedi.
Marneuli Uşaq Bağçaları Birliyində təhsil prosesi dayandırıldıqdan
sonra ehtiyatda yalnız 1000-ə yaxın yumurta qalıb. Bu məhsulu
aztəminatlı ailələrə verməyi düşünürdülər. Ancaq yumurtalar yetərli
sayda olmadığı üçün fikirlərini dəyişdilər. Məhsul indi bağça
əməkdaşlarının evində saxlanılır. Təhsil prosesi bərpa olunduqdan
sonra təxminən 350 larilik yumurtanı geri qaytaracaqlar, birlik isə
onu təqdim edən şirkətə verərək dəyişəcək.
Yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə
Gürcüstanda uşaq bağçaları fəaliyyətini dayandırıb. Tbilisi
meriyası qərar qəbul edib ki, bütün uşaqlara düşən payı evlərinə
versinlər. Tbilisi uşaq bağçalarında məhsulun verilməsinə 19 mart
tarixindən başlanılıb. Zaur Kərəmov deyir ki, bu təcrübəni həyata
keçirmək üçün paytaxtın Uşaq Bağçaları Birliyinə müraciət
etməyib.
Uşaqlara düşən qida ilə təmin etmək məsələsi Marneuli meriyasında
da müzakirə olunmayacaq.
Uşaq bağçalarında təhsil prosesi koronavirusla bağlı yaradılmış
Qurumlararası Koordinasiya Şurası tərəfindən 4 mart tarixində qəbul
edilmiş qərara əsasən dayandırılıb. 21 mart tarixində ölkədə
fövqəladə vəziyyət elan edildi.
Marneuli və Bolnisi bələdiyyələri 23 mart tarixində sərt karantin
rejiminə keçib. Hökumət bu qərarı Marneulili qadının koronavirusa
yoluxmasından sonra qəbul edib.