Yerli özünüidarə meriya qarşısına toplaşanlara yardım etməyəcək

Yerli özünüidarə 30 mart tarixində meriya qarşısına toplaşan əhaliyə yardım göstərməyəcək.

Bu haqda “Marneuli” radiosuna merin gənclərin işi üzrə müşaviri Adil Əliyev məlumat verib.

“Oraya toplaşan adamların 90% müəyyən gəliri və imkanı olanlar idi. Biz bunu onlara sübut etməyə hazırıq. Təəssüf ki, mövcud vəziyyətdən istifadə edirlər. Eləcə də oraya toplaşanlar arasında bizim artıq yardım göstərdiyimiz adamlar da var idi və təkrar gəlmişdilər. Maksimum dərəcədə çalışırıq ki, səhvə yol verməyək və insanlara bu vəziyyətdən istifadə etməyə imkan yaratmayaq”, - Adil Əliyev deyir.

Müxalifət ərzaq verilən adamların siyahısının siyasi mənfəətlərə görə tərtib olunduğunu iddia edir. “Avropalı Gürcüstanın” Marneuli ofisinin rəhbəri deyir ki, hakimiyyət ehtiyacı olanlara yardım etmir, özünə tərəfdar toplayır.

“Dünən meriya qarşısına toplaşan əhali yerli hakimiyyətin niyətsizliyinə görə bayıra çıxmışdı. Onlara düzgün məlumat verməyiblər ki, bu yardımı kimə paylayırlar. Mənim məlumatım var ki, meriya nümayəndələri ehtiyacı olanlara deyil, öz tərəfdarlarına ərzaq paylayırdılar. Bu insanlarla bağlı məlumatsızlıq və ehtiyac problemi bir-birinə qarışıb”,
– Əhməd İmamquliyev deyir.

30 mart tarixində əhali ağır sosial şərtlərə qarşı etiraz edib və yardım tələb edib. Marneuli meri müxalifəti yanlış məlumat yaymaqda və karantin rejimi zamanı siyasi xal toplamaqda ittiham edib.

Marneuli meri fövqəladə brifinqdə əhaliyə yardım verilməsi üçün dörd əsas meyarı qeyd edib.

Yerli özünüidarə hazırda sosial yardımı dayandırılmış, tək yaşayan pensiyaçı, kənddə yaşayan və nəqliyyatla hərəkət etmək imkanı olmayan, ailədə azyaşlı olan və işini karantin rejiminə görə tərk etməli olanlara yardım edir.

Xixani kəndində əhali ağır iqtisadi şərtlər altında yaşayır və onların bir qismi meyarları qane edir. Ancaq meriya kənddə yalnız 24 kömək edib. Bu günə qədər artıq heç kim meriyadan ərzaq səbəti almayıb.

31 mart tarixinə olan məlumata görə, Marneuli meriyası 1500 ailəni ərzaqla təmin edib. Özünüidarə orqanı əhaliyə ərzaq paylamağa davam edir, ancaq ərzaq aparacaqları, yardım olunacaq ailələri hələ də qeyd etmirlər.

“1400 ailəyə düyü, makaron, qarabaşaq, günəbaxan yağı və çörək paylanıb. Qalan 100 ailəyə un, günəbaxan yağı, düyü, alma və qatıq verilib. Bir hissəsi meriyanın aldığı ərzaqlar idi, bir hissəsini isə başqa şirkətlər verib”, – merin gənclərin işi üzrə müşaviri deyir.

Adil Əliyevin sözlərinə görə, çətin karantin şərtlərinin öhdəsindən gələnə qədər vətəndaşlara yardım davam edəcək.

Meriyadan başqa, əhaliyə yardım etmək üçün çox sayda Marneulili və yerli təşkilat öz istəyini bildirib.

Marneuli meriyası ehtiyat fondunun vəsaitindən istifadə etməklə bağlı qərarı 26 mart tarixində qəbul edib və əhaliyə yardım etməyə başlayıb. Meriya xərcləri karantin başa çatdıqdan sonra ictimailəşdirəcək.

Gürcüstan hökuməti 23 mart tarixində Marneuli və Bolnisi bələdiyyələrində sərt karantin elan edib. Bələdiyyələrə giriş və çıxış qadağandır.

 

 

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google