Uşaq bağçaları üçün nəzərdə tutulmuş ərzağın uşaqların ailələrinə 13 aprel tarixindən veriləcəyi güman olunur

Marneuli bələdiyyəsindəki uşaq bağçaları üçün nəzərdə tutulmuş 60 günlük ərzağın uşaqların ailələrinə gələn həftədən veriləcəyi güman olunur.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verdi və qeyd etdi ki, hələ bir neçə mərhələdən keçməlidirlər.

“Hazırda təmin edənlərlə danışıqlar aparılır. Bilirsiniz, vəziyyət dəyişib və nəqliyyat məsələləri çatinləşib. Hələ hər şeyi müəyyənləşdirməliyik və ərzaq ehtiyatı kifayət qədər olmalıdır. Bundan sonra isə ikinci mərhələ – bölüşdürmə və paylama mərhələsi başlayacaq.”

Zaur Kərəmov hələ ki uşaqların ailələrinə hansı məhsulların veriləcəyini dəqiq bilmir, lakin deyir ki, payların verilməsi zamanı daha az təmas olmasına diqqət ediləcək.

“Çalışırıq ki, xalqla təmas az olsun. Məhsulların verilməsinə gəlincə isə, kimlərin uşaq bağçasına gəlmək imkanı olacaqsa, oradan götürə biləcəklər. Kim gələ bilməsə, evlərinə aparılacaq. Bu məsələni bağça rəhbərliyi və pedaqoqları tənzimləyəcəklər. Hər bir valideynin telefon nömrələri var və vəziyyəti aydınlaşdıracaqlar.”

Bağça uşaqlarının qida məhsulları ilə təminatı barədə məlumatı Marneuli meri Zaur Darğallı 4 aprel tarixində keçirdiyi brifinq zamanı vermişdi və qeyd etmişdi ki, uşaqlar üçün nəzərdə tutulan qida məhsulları uşaqların ailələrinə veriləcək.

“Sosial vəziyyətindən asılı olmayaraq, bütün uşaqların ailələrinə Marneuli Uşaq Bağçaları Birliyi tərəfindən qida məhsulları veriləcək.”

Zaur Darğallının sözlərinə görə, qida məhsullarının alınması üçün yerli özünüidarə 130 000 lari ayırıb. Bələdiyyə miqyasında uşaq bağçalarında 2016 uşaq qeydiyyatdadır.

Qeyd edək ki, uşaq bağçalarında tədris prosesi koronavirusla bağlı fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarı ilə 4 mart tarixində dayandırılmışdı. 21 mart tarixində isə Gürcüstanda fövqəladə vəziyyət elan olunub.

Xatırladırıq ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.

 

"Marneuli" Radiosu

 

Print
თეგები: covid-19