İranda koronavirus: Son ayda ilk dəfə 100-dən az ölüm
İranda koronavirusla bağlı ölüm hallarının sayı son bir ayda ilk dəfə olaraq, 100-dən aşağı düşərək, iki rəqəmli göstərici ilə ifadə olunub.

Çərşənbə axşamı günü açıqlanan rəsmi statistikaya əsasən, sutka ərzində 98 iranlının ölümünə bais olmuş Covid-19-dan vəfat edənlərin ümumi sayı 4,683-ə çatıb.

İran ilk hadisə barədə fevralın 19-da xəbər verib. Cəmi iki həftə ərzində ölkənin 31 əyalətinin hər birində qeydə alınan infeksiya İran sərhədlərini aşaraq daha geniş coğrafiyaya yayılmağa başlayıb.

Azərbaycan da daxil, 15-dən artıq ölkə ilk yoluxma hadisəsinin İranla əlaqəli olduğunu iddia edir.

Azərbaycan-İran sərhədi fevralın sonunda bağlanıb və onun 20 aprelədək bağlı qalacağına dair qərarın müddəti uzadıla bilər.

İran rəsmiləri ümidverici əlamətlərin üzə çıxdığını bəyan edirlər. Bu barədə çərşənbə axşamı günü İran Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi danışıb.

"Təəssüf ki, xəstəliyə yoluxan 98 yurddaşımızı itirdik... amma bir ay gözlədikdən sonra bu, ilk gündür ki, ölənlərin sayı iki rəqəmli göstərici ilə ifadə olunur", - Kiyanuş Cahanpur deyib.

İran səhiyyə rəsmiləri yoluxma hadisələrinin getdikcə azaldığını və bəzi əyalətlərdə infeksiyanı nəzarət altına almağa yaxın olduğunu deyirlər.

Hərçənd ki, hökumətin nikbin bəyanatları tənqidə tuş gəlir.

İran Parlamentinin Araşdırma mərkəzinin hesabatına əsasən, hakimiyyət epidemiya dalğasına nəzarət etməkdən uzaqdır və ölkədə nə karantin, nə də düzgün aparılan testlər təşkil olunub.

Hökumətin bəzi opponentlərinə əsasən, rəsmi rəqəmlər həqiqi vəziyyəti əks etdirmir. Belələri hesab edir ki, statistika yalnız testlərdə müsbət cavab göstərən halların sayını nəzərə alır.

BBC Farsca xəbər verir ki, İranda 287 minə yaxın test keçirilib.

Bu arada son epidemiya onsuz da sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatına təzyiqi artırır: yanacaq gəlirlərindən çox asılı olan ölkə, onilliklərin ən aşağı neft qiymətlərinə də sinə gərməlidir.

Prezident Həsən Ruhani deyib ki, koronavirusa qarşı bəzi Avropa ölkələrindən daha uğurlu mübarizə aparan İran iqtisadiyyatı fəaliyyətə başlamağa hazırdır.

Bazar günü əyalətlər daxilindəki şəhərlər arası səyahətlərə qadağa ləğv olunub və bir sıra bizneslər öz fəaliyyətini bərpa etməkdədir, hökumət bildirir.

Lakin Səhiyyə Nazirliyi xəbərdarlıq edir: nəzarət əldən verilərsə, yenidən baş qaldıran koronavirusun ikinci dalğası ölkəni daha ciddi sınağa çəkə bilər.

Mənbə: BBC/azeri
Print