"Bunun arxasında kimsə durursa, müəyyən olunacaq" - Tamaz Naveriani “siqnal ver, etiraz et” aksiyasına münasibətini bildirib

“Dünən baş tutan aksiya məni həqiqətən də təəccübləndirir. Bu məhdudiyyətlərdən kim narazıdırsa, həmin adamlar etiraz edərdilər və bunun arxasında kimsə durursa, müəyyən olunacaq. Bir az zaman lazımdır”,

– Marneulinin majoritar deputatı Tamaz Naveriani 14 aprel tarixində saat 21:00-da baş tutan etiraz aksiyasına belə münasibət bildirib və indiki mərhələdə dünənki aksiyanın yaxşı təşkil olunub-olunmaması ilə bağlı danışmaqda çətinlik çəkdiyini deyib.

“Hamısı müəyyən olunacaq, niyə keçirilib, nə üçün keçirilib, bu nə məsələ idi. Mən bildiyimə görə, bununla bağlı artıq iki nəfər cərimələnib (fövqəladə vəziyyəti pozduğuna görə). Yəqin karantini qəbul edə bilməyiblər. Bu bizim ölkə və Marneulinin daha yaxşı vəziyyətdə olması, obyektlərin açılması üçün vacibdir. Belə olarsa, iqtisadiyyat da inkişaf etdiriləcək, amma bu formada olmamalıdır. Bu virusa qalib gəlməliyik, sonra əhalinin azadlığı, obyektlərin açılışı olacaq və rahat nəfəs alacağıq. Bir müddət hamımız dözməliyik, bu vacibdir.”

Əhalinin etiraz aksiyasını tələblərindən biri də aztəminatlı ailələrə yetərli yardım göstərilməməsi idi. Tamaz Naveriani bu tələbi tam əsassız hesab edir.

“Marneulidə iki dəfə, hətta on dəfə artıq yardım paylanılıb. Bu proses yenə də davam edir. Mən də yaxınlarıma, qohumlarıma və dostlarıma yardım etmək vasitəsilə prosesi davam etdirməyi planlaşdırıram.”

“Marneuli” radiosu səhərdən etiraz aksiyası ilə bağlı Marneuli merinin mövqeyini öyrənməyə cəhd edir, ancaq o, hələ də bizim zənglərimizə cavab vermir.

Biz eləcə də Daxili İşlər Nazirliyindən dünən etiraz aksiyası zamanı fövqəladə vəziyyəti pozan vətəndaşların həqiqətən də cərimələnib-cərimələnmədiyini araşdırırıq.

“Siqnal ver, etiraz et”,
– Marneulilərin etiraz aksiyası dünən, 14 aprel tarixində komendant saatı zamanı başlayıb. Evlərdən siqnal və fit səsləri eşidilirdi. Vətəndaşlar bu formada karantin rejiminə etiraz ediblər. Aksiya təşkilatçılarının kimliyi hələ ki məlum deyil. Sosial şəbəkədə etiraz aksiyasının “Facebook” səhifəsi də yaradılıb.

Gürcüstan hökuməti 23 mart tarixində Marneuli və Bolnisi bələdiyyələrində ciddi rejimli karantin elan etmişdi. Bu bələdiyyələrin ərazisinə giriş-çıxış qadağan olunub. Şəhərin girişlərində 12 keçid məntəqəsi yaradılıb. Ərzaq mağazaları və apteklər istisna olmaqla bütün biznes obyektləri bağlanıb.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google