“Велика держава” vərdişlərindən əl çək, siz tək gələ bilməzsiniz – Qamkrelidze Onişenkoya səsləndi
Gürcüstanın Xəstəliklərə Nəzarət Üzrə Milli Mərkəzinin rəhbəri bildirir ki, Luqar laboratoriyasına Rusiyadan gələcək heyəti yalnız beynəlxalq missiyalar formatında qəbul edə bilər.

“Artıq 30 ildir ki, Sovet İttifaqı mövcud deyil. Bizim rus həmkarlarımız buna birtəhər alışmalıdırlar və başa düşməlidirlər. bu nə deməkdir ki, gəlib hər künc-bucağı yoxlayacaqlar və sair… Ruslar da başqa millətlərin nümayəndələri kimi gəlib laboratoriyaya baxa bilərlər. Biz imkan vermərik ki, ruslar buraya təkcə gəlsinlər. Biz onlara beynəlxalq missiyanın tərkibində gəlməyi təklif edirik”, - deyə Amiran Qamkrelidze bildirib.

Amiran Qamkrelidze həmçinin, çoxdan tanıdığını iddia etdiyi, Rusiyanın Sanitar Xidmətinin keçmiş rəhbəri, Rusiya Dumasının Təhsil və Elm Komitəsinin rəhbər müavini Qennadi Onişenkoya da müraciət edib. Onişenko bəyanat vermişdi ki, əgər Luqar mərkəzində hərbi mikrobioloqlar işləyirsə, bu, BMT-nin konvensiyasının pozulması sayılardı.

“Çox yaxşı bilirəm ki, bunu deməyə səni məcbur edirlər. Sizi üç dəfə dəvət etdim, bilirəm ki, gürcüləri sevirsən, gürcü şərabı xoşuna gəlir. Çox yaxşı bilirsən ki, Luqar laboratoriyasında nə ilə məşğuluq. Bu “Велика держава” vərdişlərindən əl çək, siz tək gələ bilməzsiniz, siz beynəlxalq missiya ilə birlikdə gəlcəksiniz”, - deyə Qamkrelidze bildirib.

Gürcüstan Rusiyanı 2018-ci ilin 14-15 noyabr tarixlərində 20 ölkədən təhlükəsizlik və bioekspertlərin iştirakı ilə Luqar Mərkəzində Bioloji Silahın Qadağan Olunması Konvensiyasına müvafiq keçirilən beynəlxalq yarışda iştirak etməyə dəvət etsə də, onlar imtina etmişdilər.

“Deyirlər ki, hər bir binaya girə bilməli və hər bir sənədə əlləri çatmalıdır. BMT-nin konvensiyası çərçivəsində gələn heyətin də şərtləri məhz bu idi. Bütün otaqlarda oldular. Öz ölkələrində 3-cü səviyyəli laboratoriyaya daxil olmaq hüququ olan 4 ekspert bizim 3-cü səviyyəli laboratoriyalara da daxil oldular. Soyuducuların hamısının qapısını açıb baxdılar. Sənədlərin də hamısına baxdılar, kompüterlərin də… Ruslar bu missiyada iştirak etməkdən imtina etdilər. İndi isə, nə vaxt beynəlxalq missiya olar, onda da iştirak edərlər. Bu, belə laboratoriyaların yoxlanması üçün qəbul olunmuş beynəlxalq qaydadır”, - deyə Gürcüstanın Xəstəliklərə Nəzarət Üzrə Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.



Gürcüstanın Xarici İşlər Nazirliyi bildirib ki, Gürcüstan Bioloji Silahın Qadağan Olunması Konvensiyasına məsul üzv ölkə olaraq müvafiq təhlükəsizlik laboratoriyalarının infrastrukturuna daxil olmaq hüququ olan səlahiyyətli rus ekspertlərini qəbul etməyə hazırdır. Bununla yanaşı, qurumdan bildiriblər ki, haqqında danışılan vizit yalnız konvensiya çərçivəsində mövcud mexanizmlərə müvafiq olaraq baş tuta bilər.

Rusiya isə öz növbəsində bəyan edib ki, rus ekspertlərin viziti başqa ölkə nümayəndələri və bölgə təşkilatları nümayəndələrinin iştirakı olmadan, ikitərəfli formatda baş tutmalıdır. Bununla yanaşı, Moskva Luqar laboratoriyasının hər bir binasına və istənilən sənədinə baxmağa icazə verilməsini tələb edir.

Tbilisidə yerləşən Riçard Luqar adına laboratoriya dəfələrlə rus təşviqatı və dezinformasiyasının hədəfində olub. Moskva ilə əlaqədar olan aktorlar və Rusiyanın rəsmi qurumları ABŞ tərəfindən bu laboratoriyada bioloji silahın yaradıldığını iddia edirlər.

Mənbə: Netgazeti
Print