Marneulili fizika və riyaziyyat müəllimi Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb
Marneulili fizika və riyaziyyat müəllimi Elvir Həsənoğlu Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Onun DTX-yə çağırılmasına səbəb 2018-ci ildə N. Nərimanovla bağlı post paylaşması olub. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Elvir Həsənoğlu verdi. O, ifadə verməyə 4 iyun tarixində gedib. Elvir Həsənoğlunun sözlərinə görə, onlar Gürcüstanda sülh və birlik içərisində yaşamaq istəyirlər.

"3 iyun tarixində DTX-dən mənə zəng gəldi. Dedilər ki, 4 iyun tarixində DTX-yə gəlin. Mən onlardan soruşdum ki, məsələ nə ilə əlaqədardır. Dedilər ki, N. Nərimanov məsələsi ilə bağlıdır. İfadə verən zamanı mənə dedilər ki, siz 2018-ci ildə N. Nərimanovla bağlı post paylaşıbsız. Bir də həmin ili quberniyanın hazırladığı bir video çarx var idi. Həmin videoda bizlər yer almamışdıq. Bir də o məsələ haqda idi. Dedilər bunu niyə paylaşıbsan. İfadə zamanı əsasən mən nəyi vurğuladım. Vurğuladığım ən önəmli nöqtə budur ki, hal-hazırda Gürcüstanda bizə lazım olan, birlik və bərabərlik içərisində, sülh və barış içində yaşamaqdır. Mən əsasən onu qeyd etdim ki, mən özüm şəxsən insanları, millətlərə ayırmıram. Mənə görə bu ölkədə bütün vətəndaşlar hamısı bərabər hüquqludur. Hamının da eyni səviyyədə, haqqı-hüququ var. Bunu da qeyd etdim ki, mənim istəyim bu cür şeyləri paylaşmaqdır. İnsanları qışqırtmaq deyil. Əksinə onu göstərmək istəyirdim ki, biz burada birlik və bərabərlik içində yaşamalıyıq", – Elvir Həsənoğlu dedi.

Elvir Həsənoğlu onu da bildirdi ki, onun özü də müəllimdir. Ona görə də N. Nərimanovun fikirlərini bir pedaqoq və həkim olduğu üçün dəstəkləyir.

"Hətta onu da qeyd edim ki, mənim özüm pedaqoq olduğuma görə N. Nərimanov öz zamanında pedaqoq və həkim olduğu üçün o adamın fikirini, təfəkkürünü dəstəkləmişəm. Sırf pedaqoq, həkim kimi xidmət etdiyi üçün N. Nərimanovu ona görə dəstəkləyirəm. Mənim özüm də bir pedaqoq olduğuma görə, adamın fikirini buna görə dəstəkləmişəm. Amma qaldı ki, bir kommunist kimi, bir siyasətçi kimi bu məsələlərə qarışmıram. İfadə zamanı bu məsələləri də vurğuladım", – Elvir Həsənoğlu dedi.

30 may tarixində Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi Departamenti bəyanat yayaraq bildirib ki, irqi ayrı-seçkilik maddəsi ilə istintaqa başlayıb. Açıqlamada bildirilir ki, departamentdə mövcud olan operativ məlumatlara əsasən, Gürcüstanda Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurmanı qızışdırmağa çalışan qruplar və bir sıra vətəndaşlar var. Buna görə də Dövlət Təhlükəsizlik İdarəsi irqi ayrı-seçkilik faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 1421-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə istintaq aparır. Həmin maddə qrup tərəfindən milli düşmənçilik və ədavət yaratma, milli hörmət və ləyaqəti alçaltma məqsədi ilə yol verilmiş hərəkət, eyni zamanda insanların milli və etnik mənsubiyyətinə görə hüquqlarının birbaşa və ya dolayı yolla məhdudlaşdırılması, və ya eyni əlamətlərlə insanlara üstünlük verilməsini nəzərdə tutur.

Onu da əlavə edək ki, 3 iyun tarixində Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova da Dövlət Təhlükəsizlik Xidmətinə ifadə verməyə çağırılıb. Bayramovanın bəyanatına görə, ifadə verməsi DTX tərəfindən irqçiliklə bağlı ayrı-seçkilik faktına görə başlanılmış istintaqla bağlı olub.

Bu gün, 5 iyun tarixində Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi və sədri Seyid Mirtağı Əsədov Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Onun sözlərinə görə, bu gün saat 2 radələrində ona zəng vuraraq DTX-yə çağırıblar. Seyid Mirtağı Əsədov bildirdi ki, onun DTX-yə çağrılmasına səbəb son zamanlar ictimai fəaliyyəti ilə bağlıdır. O, ifadə verməyə 6 iyun tarixində gedəcək.

TV Pirvelinin məlumatına görə, Marneuli meri Zaur Darğallı 2 iyunda DTX-ya çağırılıb. Məsələnin təfərrüatları məlum deyil, Zaur Darğallı isə müsahibə vermir. Kanalın Jurnalistinin məlumatına görə, Zaur Darğallıdan başqa bir neçə Marneulilinin də DTX-nə çağırılması planlaşdırılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google