Marneulidə “yaşıl bazarın” açılacağı tarix məlum deyil. Qapalı
tipli bazar artıq həftələrdir ki, qurulub, ancaq piştaxtalar
fəaliyyətsiz qalıb.
Qeyd olunan məkanı dünən 5 iyun tarixində Gürcüstanın Ekologiya və
Kənd Təsərrüfatı nazirinin müavini və yerli özünüidarə
nümayəndələri nəzərdən keçirib. Marneuli meriyası məlumatı öz
Facebook səhifəsində yayımlayıb və qeyd edib ki,
“yaşıl
bazar”ın qapalı tipli ticarət məkanının infrastrukturu, tam
təhlükəsizliyə riayət olunmaqla dəyişdirilib və yaxın gələcəkdə
Milli Ərzaq Agentliyi tərəfindən tətbiq olunan tövsiyələrə uyğun
olaraq fəaliyyətə başlayacaq.”
Bazarın direktoru Elquca Xarşiladze isə "Marneuli" radiosu ilə
söhbəti zamanı bildirdi ki, onların məkanında ticarətçilərin olması
faktiki olaraq mümkün deyil. Ona görə ticarət hələlik açıq məkanda
davam edəcək.
“Tövsiyələrimiz var, amma hələ satıcıları bayırda
saxlayacağıq. Ümumiyyətlə bayırda kimsə varsa və pərakəndə
ticarətlə məşğuldursa, onlar içəri daxil olmalı idilər, ancaq içəri
gətirə bilmədik. Havalandırma var, amma hələ qurmuruq, kondisioner
də qurmuruq çünki koronavirusla bağlı olaraq qadağan edilib. Başqa
halda isə içəridə dura bilməzlər, qapalı məkandır. Çox adam
toplaşarsa, daha çox sıxlıq olacaq”, – Elquca
Xarşiladze deyir və qeyd edir ki, bayırda ticarətlə məşğul olan
satıcılar Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl edirlər və buna
bir neçə qurum nəzarət edir.
İndi qapalı bazarın ayrı şöbəsində fəaliyyət göstərən yeganə məkan
süd məhsullarıdır və orada bir neçə piştaxta yerləşdirilib.
Satıcılar şikayət edirlər ki, alıcı yoxdur.
Qapalı bazarın daha bir ən vacib şöbəsi, 100-ə qədər satıcının
gözləntisində olan meyvə-tərəvəz bazarıdır. Ancaq bazar
direktorunun havalandırılması mümkün olmayan məkanın açılmasına
indiki mərhələdə ümidi yoxdur.
Milli Ərzaq Agentliyinin Marneuli Regional İdarəsinin rəhbəri
Miranqula Liparteliani bildirir ki, qapalı bazarda nəzərdə tutualn
tövsiyələr artıq verilib. Onlar pozulan halda isə cərimələr tətbiq
olunacaq. Bu tövsiyələrə qapalı bazarda hələ ki, yalnız pendir
satıcıları əməl etməli olacaqlar.
“Bu əsasən Səhiyyə Nazirliyinin tövsiyələridir.
Tövsiyəni Milli Qida Agentliyi biznes operatorlara və aqrar
bazarlara təyin edir və monitorinq aparır. Bu dezobaryerlərin
olması, giriş və çıxışların qurulması, adam sayına nəzarət,
yuma/dezinfeksiya tezliyi, termoskrininq və
s.-dir."
“Yaşıl bazarın” fəaliyyəti məsələsini araşdırmaq üçün “Marneuli”
radiosu bu gün dəfələrlə Marneuli meri və müavinləri ilə əlaqə
saxlamağa cəhd etdi, ancaq onlar hələ də bizim zənglərimizə cavab
vermirlər.
Qeyd edək ki, Marneulinin açıq aqrar bazarı alıcıları 27 apreldən
qəbul edir. Koronavirusun qarşısının alınması məqsədi ilə
hazırlanmış tövsiyələrin monitorinqini isə bazar rəhbərliyi, Milli
Qida Agentliyi və Marneuli meriyasının Nəzarət Xidməti həyata
keçirir.