Daxili İşlər Nazirliyi Muxrani kəndində ata və babasının qətlində
ittiham olunan şəxsin saxlanılması barədə məlumat yayıb.
Msxeta-Mtianeti Polis Departamentinin Xəfiyyə İdarəsinin
əməkdaşları Muxranidə 1992-ci il təvəllüdlü, keçmişdə müxtəlif
cinayətlərə görə məhkum olunmuş Q.O.-nu, 2 və daha artıq şəxsin
amansızlıqla qəsdən qətlə yetirilməsi ittihamı ilə saxlayıb.
Törədilmiş cinayətə görə 16 ildən 20 ilə qədər, yaxud ömürlük
azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
“İstintaq nəticəsində aydın olub ki, müttəhim cari ilin
7 iyul tarixində, öz yaşayış evində, atası, 1968-ci il təvəllüdlü
A.O. və babası, 1945-ci il təvəllüdlü Q.O-nun bədəninə soyuq
silahla çox sayda zərbə vurub və hadisə yerindən qaçaraq gizlənib.
Nəticədə hər iki yaralı dünyasını dəyişib. Polislər Q.O.-nu 9 iyul
tarixində Muxranidə saxlayıb. Faktla bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə
istintaq aparılır. Həmin maddə 2 və daha artıq şəxsin qəsdən
amansızlıqla qətlə yetirilməsini nəzərdə tutur”, –
DİN-nin yayımladığı məlumatda qeyd olunur.