Bu il müqəddəs Qurban bayramı təqvimə görə çox ehtimal olunur ki,
31 iyil tarixindən başlayaraq 2 Avqusta qədər - 3 gün qeyd
ediləcək.
“Eydul-Əzha” da adlanan Qurban bayramı İslam aləmində ən böyük
bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Ramazan
bayramından 70 gün sonra qeyd olunur və üç gün davam edir.
Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
Bu il müqəddəs Ay təqviminə əsaslanan Qurban bayramı təqvimə görə
çox ehtimal olunur ki, 31 iyul tarixindən olaraq 2 Avqusta qədər 3
gün qeyd ediləcək.
Ölkəmizdə Qurban bayramının namazı bayram günü saat 09:00-dan
etibarən tibbi tövsiyələrə əməl etməklə məscidlərdə və məscidlərin
həyətində qılınacaq.
Dini qurban kəsmə adəti hamıya məlum olduğu kimi Hz. İbrahim
Peyğəmbərin (ə) həyatında baş verən hadisədən – oğlu Hz. İsmayılı
(ə) Allah üçün qurbanetmə sınağına çəkilməsindən sonra
yaranmışdır.
Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı"
da deyirlər. Çox sevdiyi övladını Allah yolunda qurban verməyə
hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin
və əsl bəndəliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin
iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi olaraq
yaşamışdır.
Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir.
Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan
müsəlmanlara isə tövsiyə olunan yaxşı – müstəhəb əməllərdəndir.
Buna görə də Qurbanlıq qoyunun bütün şərtlərinə Həcdə olanlar əməl
etməlidirlər. Həcdə olmayanların əməl etməsi isə çox bəyənilir.
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun
ətinin bir hissəsini imkansızlara, kasıblara paylamalıdır.
Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün
götürə, qalan iki hissədən birini də öz qonşularına və yaxınlarına
verə bilər. Digər hissəni isə mütləq ehtiyacı olanlara
paylamalıdır. Lakin qurban sahibi istəsə, ətdən özünə pay
götürmədən, hamısını ehtiyaclılara paylaya bilər.
Burada əsas məqsəd dindarlığa və ilahi razılığa nail olmaqdır.
“Qurani-Kərim”də buyurulur ki, kəsilən qurbanların nə əti, nə də
qanı Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır.
Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı
öyrədir. Qurban Allaha olan sevginin isbatıdır. Yaradana olan
sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan infaq
etməliyik.
Qurbanlıq üçün nəzərdə tutulan heyvanı Qurban bayramı günü kəsmək
daha yaxşıdır. Amma qalarsa, Qurban bayramından sonrakı iki gün
ərzində də kəsməyin eybi yoxdur. Həcdə olmayan bizə Qurban günü
şərikli qurban kəsmək qadağan deyil. Tək qurban kəsməyə imkanı
olmayanlar birləşib qurban kəsə bilərlər. Belə halda şərikliyin
sayı və tək ya cüt olmasının önəmi yoxdur. Amma imkan varsa, tək
kəsmələri daha yaxşıdır.
Qurbanlıq heyvanların yaşına gəlincə: öküz 2 illik, keçi 1 illik və
qoyun isə ən azı 7 ayı keçmiş olmalıdır. Amma ehtiyata görə,
qoyunun bir ili tamam olmalı və ya bir yaşlı heyvan kimi gözə
gəlimli olmalıdır. Əlbəttə, bu şərtlər də Həcdəki və nəzir kimi
vacib qurbanlığa aiddir. Burada bu şərtlərə əməl etmək müstəhəb
olaraq çox bəyənilir. Bizim ölkədə gözə gəlimli bir ilini
tamamlamış iri buynuzlunu da kəsmək olar.
Fürsətdən istifadə edib qarşıdan gələn Qurban bayramı münasibəti
ilə təbrik edir, Allahdan kəsilən qurbanları, edilən ibadət və
duaların qəbul olmasını diləyirəm. Allah Qurban bayramı hörmətinə
ölkəmizə və dünyaya sülh, bolluq, firavanlıq, körpələrə sevinc,
ailələrə xoşbəxtlik, süfrələrə bərəkət nəsib etsin. Amin!
Hacı Ramin İgidov, Gürcüstan Müsəlmanları
İdarəsinin şeyxi