Rusiya tərəfindən idarə olunan qüvvələr işğal olunmuş əraziləri metr-metr genişləndirməyə çalışırlar – ABŞ səfirliyi

ABŞ-ın Gürcüstandakı səfirliyi, 2008-ci il avqust müharibəsinin 12-ci ildönümü ilə əlaqədar bəyanat yayaraq, Rusiya rəhbərliyindəki təhlükəsizlik qüvvələrinin Gürcüstan ərazilərini tədricən ələ keçirməyə və işğal olunmuş əraziləri metr-metr genişləndirməyə çalışdıqlarını bildirib.



“Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin Rusiya tərəfindən işğal olunmasından on iki il ötür. 7 avqust tarixini rus işğalından əziyyət çəkən minlərlə insan kədərlə xatırlayır. Bu gün evlərini tərk etmək və qaçqın olmaq məcburiyyətində qalan insanları xatırlayırıq. Qondarma hökumət tərəfindən inzibati bölgü xətti bağlandığından və təcili tibbi yardım almalarına icazə verilmədiyindən ölən günahsız, dinc vətəndaşları xatırlayırıq. Qanunsuz "sərhədləşdirmə" və itirilmiş dolanışıq mənbəyi nəticəsində dağılmış ailələri xatırlayırıq”, – deyə səfirliyin açıqlamasında bildirilir.

Açıqlamaya görə, bütün dünya koronavirusun vurduğu ziyanı aradan qaldırmağa çalışarkən, Gürcüstan eyni zamanda, özbaşına qurulan inzibati bölgü xətti ilə bir-birindən ayrı düşən vətəndaşlar arasında ticarət əlaqələrinin itirilməsindən əziyyət çəkir. Bu isə onların sözlərinə görə, ölkə iqtisadiyyatının bərpası prosesinə daha da ciddi maneələr törədir.

“Keçən il biz də Rusiya tərəfindən idarə olunan qüvvələr tərəfindən genişmiqyaslı işğal və Çorçana-Tsnelisi yaxınlığında əlavə yüzlərlə metr ərazini nəzarət altına almaq cəhdini gördük. Rusiya 2008-ci il atəşkəs sazişini pozmaqda davam edir. Rusiya "sərhədçiləri" mülki şəxsləri saxlayır və inzibati bölgü xətti boyunca zorakılıq hərəkətləri edir, o cümlədən son vaxtlar Gürcüstan vətəndaşlarına atəş açır. Rusiya tərəfindən idarə olunan təhlükəsizlik qüvvələri tədricən Gürcüstan ərazilərini ələ keçirməyə və işğal olunmuş əraziləri metr-metr genişləndirməyə çalışır", – deyə səfirliyin açıqlamasında qeyd olunur.

ABŞ səfirliyi Rusiyanı Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqilliyini tanımaqdan geri çəkilməyə və 2008-ci il müqaviləsinin öhdəliklərini yerinə yetirməyə çağırır.

“Aydındır ki, Rusiya öz qüvvələrini münaqişə öncəsi mövqelərə çəkməli və humanitar yardımlara maneəsiz çıxış təmin etməlidir. Bundan əlavə, Rusiyanı Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqilliyini tanımaqdan geri çəkilməyə və 2008-ci il müqaviləsinin öhdəliklərini yerinə yetirməyə çağırırıq. Yüz minlərlə məcburi köçkünün və qaçqının evlərinə təhlükəsiz və ləyaqətlə qayıda bilmələri vacibdir", – deyə ABŞ səfirliyinin bəyanatında qeyd olunur.

Onların sözlərinə görə, ABŞ-ın gürcü dostlarına və tərəfdaşlarına sədaqəti sarsılmazdır. Onlar Rusiya təcavüzü nəticəsində bölünmüş cəmiyyətin yenidən birləşməsinə çağırırlar.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google