Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfirliyin
işçiləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü
münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfirliyindən
məlumat verilib.
Bildirilib ki, onlar Azərbaycanın azadlığı uğrunda canından keçmiş
qəhrəmanların xatirəsini ehtiramla yad edib və abidənin önünə gül
dəstələri qoyublar.
"Bu gün - yanvarın 20-də Azərbaycan xalqının yaxın
tarixinin ən faciəli tarixlərindən biri qeyd olundu. 9 aprel
1989-cu ildə Gürcüstanın paytaxtındakı faciə kimi 20 Yanvar 1990-cı
ildə Bakıda keçmiş SSRİ-nin hərbi qüvvələri dinc əhaliyə atəş
açaraq ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü tələb edən
mülki əhalini qəddarcasına cəzalandırdı. Qanlı əməliyyatda 133
nəfər həlak olmuş, 744 mülki şəxs xəsarət almışdır",
- səfirliyin açıqlamasında qeyd olunub.