Müsəlman dünyasının ilk qadın deputatının xatirəsi Tbilisidə əbədiləşdirilib
Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı layihəyə start verilib.

Layihə çərçivəsində şuranın binası qarşısında, Azadlıq meydanında yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynamış ictimai xadimlərin adlarının əks olunduğu xatirə lövhələri vurulub.

M.Darçiyanın sözlərinə görə, bu cür təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunur və şəhər yaddaşının canlandırılması, gündəlik həyatda tarixin hiss olunması baxımından vacib rol oynayır.


Skamyalardan birinə müsəlman dünyasında ilk qadın millət vəkili olmuş etnik azərbaycanlı Pərixanım Sofiyevaya həsr olunan lövhə bərkidilib. Lövhədə P.Sofiyevanın dünyada demokratik yolla seçilən ilk müsəlman qadın olması barədə gürcü və ingilis dillərində məlumat yazılıb.

“Tbilisinin xatirə skamyaları” layihəsi şəhərin bütün rayonlarında davam etdiriləcək.

Qeyd edək ki, P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tbilisi qəzasından Gürcüstan Demokratik Respublikasının parlamentinə bitərəf millət vəkili seçilib. Onun Qardabani rayonunun Qaracalar kəndində yerləşən məzarı 2018-ci ilin iyun ayında abadlaşdırılaraq qəbrüstü abidə qoyulub.



Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google