Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika
Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı
layihəyə start verilib.
Layihə çərçivəsində şuranın binası qarşısında, Azadlıq meydanında
yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynamış
ictimai xadimlərin adlarının əks olunduğu xatirə lövhələri
vurulub.
M.Darçiyanın sözlərinə görə, bu cür təcrübə dünyanın bir çox
ölkələrində tətbiq olunur və şəhər yaddaşının canlandırılması,
gündəlik həyatda tarixin hiss olunması baxımından vacib rol
oynayır.
Skamyalardan birinə müsəlman dünyasında ilk qadın millət vəkili
olmuş etnik azərbaycanlı Pərixanım Sofiyevaya həsr olunan lövhə
bərkidilib. Lövhədə P.Sofiyevanın dünyada demokratik yolla seçilən
ilk müsəlman qadın olması barədə gürcü və ingilis dillərində
məlumat yazılıb.
“Tbilisinin xatirə skamyaları” layihəsi şəhərin bütün rayonlarında
davam etdiriləcək.
Qeyd edək ki, P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tbilisi
qəzasından Gürcüstan Demokratik Respublikasının parlamentinə
bitərəf millət vəkili seçilib. Onun Qardabani rayonunun Qaracalar
kəndində yerləşən məzarı 2018-ci ilin iyun ayında abadlaşdırılaraq
qəbrüstü abidə qoyulub.
Mənbə: report.az