Gürcüstanda "Xocalıya Ədalət” adlı xüsusi jurnal çap olunub
Gürcüstanda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “Xocalıya Ədalət” adlı xüsusi jurnal çap edilib.

Jurnal Azərbaycanın Gürcüstandakı səfirliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə işıq üzü görüb.

İngilisdilli nəşrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Qələbə Paradında çıxışı, həmçinin Prezidentin Şuşaya səfəri və orada çıxışı geniş işıqlandırılıb.

Azərbaycanın haqq səsinin və qazandığı böyük qələbənin dünya ictimaiyyətinə çatdırılması yolunda atılan addımlara dəstək məqsədi daşıyan qeyd olunan jurnalda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı və təsisçisi xanım Leyla Əliyevanın ön sözü yer alıb.

Jurnalda törədilmiş soyqırım nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilir, Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımız barədə məlumat verilir. Həmçinin, dünyanın aparıcı kütləvi informasiya vasitələrində “The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” bu soyqırım barədə məlumat verildiyi qeyd olunur. Jurnalda Xocalı Soyqırımı qurbanları, tarixi faktlar, müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər də yer alıb.

Səfirlik tərəfindən qeyd olunan jurnalın Gürcüstanın Prezidentinə, Baş Nazirinə, Parlamentinin Sədrinə, həmçinin Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və Parlamentinin səlahiyyətli nümayəndələrinə, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara ünvanlanması nəzərdə tutulur.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google