Kənan Ömərov mer olarsa, alqışlayaram – Ruslan Hacıyev
Marneulidə son zamanlar Marneuli merinin müavini Kənan Ömərovun Marneuli meri vəzifəsinə namizəd olacağı ilə bağlı söz-söhbət dolaşmaqdadır.

Marneulili sakinlər 2021-ci ilin Bələdiyyə seçkiləri zamanı mer vəzifəsinə Kənan Ömərovun namizəd olacağını düşünürlər. Parlamentin Marneuli majoritar seçki dairəsindən keçmiş deputatı Ruslan Hacıyev Kənan Ömərovun Marneuli merliyinə namizəd olacağı ilə bağlı söz-söhbətə münasibət bildirdi. O, “Marneuli” radiosu ilə söhbəti zamanı məsələ ilə bağlı məlumatının olmadığını bildirdi. Ömərovun mer vəzifəsinə namizəd olacağı təqdirdə isə o, bunu alqışlayacağını qeyd etdi.

“Mən bunu sadəcə alqışlayaram. Kənan Ömərov uzun müddət təhsil sahəsində çalışmış bir gəncdir. Təhsil sahəsində çalışanlar isə daha effektiv iş metodlarına sahibdirlər. Əgər belə bir şey olarsa, mən buna pis baxmıram. Amma məlumatım yoxdur.”

Məsələyə aydınlıq gətirmək üçün Kənan Ömərovun özü ilə də əlaqə saxlamağa çalışdıq. Ancaq o, merin müavini təyin olunduğu gündən “Marneuli” radiosunun zənglərinə cavab vermir.

Qeyd edək ki, Marneuli merinin müavini Kənan Ömərov buna qədər Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri olub. O, 1 fevral tarixindən etibarən Marneuli merinin müavini vəzifəsinə təyin olunub.

"Marneuli" Radiosu
Print