Azərbaycan və Gürcüstan prokurorluqları arasında münasibətlər yeni mərhələyə qədəm qoyacaq – Kamran Əliyev
“Azərbaycanın və Gürcüstanın prokurorluq orqanların arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Bizim Tbilisiyə növbəti səfərimiz və apardığımız müzakirələrdən sonra münasibətlərimiz yeni müstəvidə daha da inkişaf edəcək”.

Bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev gürcü həmkarı İrakli Şotadze ilə görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib.

Tbilisiyə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin dəvəti ilə səfər etdiyini vurğulayan K.Əliyev deyib: “Bu səfər çərçivəsində çox səmərəli görüşlərimiz oldu. Apardığımız danışıqlardan və imzalanmış memorandumdan sonra münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”.

O, deyib ki, görüşdə əsasən Azərbaycan və Gürcüstanın Baş prokurorluqları arasında münasibətlər müzakirə olunub. Xüsusən də hər iki tərəf arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi, yaxşı təcrübənin bölüşməsi, beynəlxalq platformalarda birgə mövqedən çıxış etmək, qarşılıqlı səfərlərin təşkili və bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mənbə: report.az
Print