Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, 2022-ci ildən bağça
heyətinin əməkhaqqının artırılması planlaşdırılır.
“Bizim ənənəmiz var idi ki, hər il əməkhaqqı artırdı. Ancaq
pandemiyaya görə, bu dayandırıldı. Bu ənənəni olduğu kimi gələcəkdə
davam etdirəcəyik. Əlavə vermək də ənənə idi. Elə il olub
əməkdaşlar iki dəfə də əlavə alıblar. Ancaq indi pandemiyaya görə,
əməkdaşlar evdə idi və buna görə, yalnız əməkhaqqı alırdılar.”
Uşaq Bağçaları Birliyinin rəhbərinin açıqlamasına görə, hələ ki,
bağça heyətinin əməkhaqqının nə qədər artırılacağı məlum deyil.
Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki
mərhələdə uşaq bağçaları heyətinin əməkhaqqısının artırılması ilə
əlaqədar meriyada qərar qəbul edilməyib. Müvafiq olaraq,
əməkhaqqının nə qədər artırılacağı məlum deyil.