AXC-nin elan edildiyi binanın bərpasının ilk mərhələsi yekunlaşıb
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayı binasının bərpa-yenidənqurma işlərinin birinci mərhələsi başa çatıb.

Bu barədə şəhər meriyasından bildirilib.

İlk mərhələdə tikilinin fasadı bərpa olunub və dekorativ işıqlandırma quraşdırılıb, dam örtüyünün böyük hissəsi və məhəccər bərpa edilib.

Növbəti mərhələ çərçivəsində interyer və daxili həyətdə bərpa işləri həyata keçiriləcək.

Hazırkı mərhələdə isə zallarda konservasiya- restavrasiya işləri aparılır, daxili kommunikasiyalar qurulur, qapı və pəncərələr bərpa olunur.

Qeyd edək ki, layihənin dəyəri 33,7 milyon lari (10,7 milyon ABŞ dolları) təşkil edir və işlərin 2023-cü ilin sonunda tam başa çatdırılacağı gözlənilir.

Mədəni irs nümunəsi olan tikilinin güzgülü zalında 1918-ci il mayın 28-də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Həmin zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google