Dmanisidə gənclər tərəfindən İcma Mərkəzi təsis olunub. Mərkəz
Tbilisi Dövlət Universitetinin tələbələri, Dmanisi sakinləri Ruslan
Omarov və Binnət İsgəndərov tərəfindən təsis olunub.
Mərkəzin təsisçilərindən Ruslan Omarov “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, daha əvvəl Dmanisidə İcma Mərkəzi
olmayıb. Onun sözlərinə görə, gənclərin və məktəb şagirdlərinin
əlavə fəallıqlarla məşğul olmaları üçün Dmanisidə hər hansı bir
məkan yoxdur.
“Biz İcma Mərkəzi açmaq qərarına gəlmişdik. Əvvəl
“Orbeliani”-dən layihə qazanmışdım, kitabxana layihəsi idi. Sonra
qərara gəldik ki, İcma Mərkəzi açaq. Amma dedik ki, ayrı-ayrı
açsaq, fəaliyyətimizi davam etdirmək daha çətin olacaq. Ona görə də
birlikdə açmaq qərarına gəldik. Biz Samirə Bayramovanın da
məsləhətlərini aldıq. O, da mərkəz açmağımızı məsləhət gördü. İlk
layihəmiz də Samirə Bayramovanın dəstəyi, təşkilatçılığı ilə oldu.
Digər İctimai fəallardan da məsləhətlər aldıq. Dmanisidə gənclərdə
böyük passivlik mövcuddur. Çox sadə bir işləri həyata keçirdikləri
zaman onlarda sanki bir fobiya var və mərkəzin açılmasına ehtiyac
var idi.”
Omarov deyir ki, hazırda onların əsas məqsədləri gənclərin
maarifləndirilməsidir. O, gələcəkdə daha böyük işlər görəcəklərini
və daha faydalı olacaqlarını bildirdi. Onun sözlərinə görə,
gələcəkdə əsasən məktəbli şagirdlərə daha çox vaxt ayırmaq və
onlarla məktəbdən sonra əlavə hazırlıqlar həyata keçirmək planları
var.
Mərkəzin daha bir təsisçisi Binnət İsgəndərov “Marneuli” radiosuna
müsahibəsi zamanı fəal vətəndaşların yetişdirilməsində mərkəzin
böyük rol oynayacağını vurğuladı.
“Belə bir mərkəzin açılmasına ehtiyacımız var idi.
Demokratik dövlətdəyik. Gənclər gələcəkdə yerli idarəetmə
prosesində, eləcə də büdcə proqramında daha aktiv şəkildə iştirak
edə biləcəklər. Hazırda Dmanisidə belə fəallıqlar yoxdur. Dmanisidə
dil baryeri ilə bağlı da problemlər var. Düşünürəm ki, mərkəz
vasitəsi ilə biz bu problemləri tədricən həll
edəcəyik.”
Məlumat üçün qeyd edək ki, İcma Mərkəzi Dmanisidə fəaliyyət
göstərən yeganə mərkəzdir. Mərkəz maarifləndirmə, gənclərin və
şagirdlərin asudə vaxtlarını səmərəli keçirməsi məqsədi ilə
açılıb.