“Era Teatrı” yeni tamaşanın premyerasına hazırlaşır. Ukrayna
əsilli, məşhur rus yazıçısı Nikolay Qoqolun “Bir dəlinin gündəliyi”
əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası 17
sentyabr tarixində saat 15:30-da, Tbilisidə, Atoneli teatrında baş
tutacaq.
Tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğlu, baş rolun ifaçısı isə
Əli İlqaroğludur. Tamaşanın rejissoru “Marneuli” radiosu ilə
söhbəti zamanı qeyd etdi ki, həmin əsər nəinki Qoqolun,
eyni
zamanda teatr tarixinin ən önəmli əsərlərindən biri hesab
olunur.
“Hansı ki, bu tamaşa bir çox ölkələrdə, istər Avropada
istərsə də digər ölkələrdə səhnələşdirilib və nümayiş etdirilib.
Bizim çoxdan bəri arzu etdiyimiz, planlaşdırdığımız bir tamaşadır.
Mən deyərdim ki, təxmini olaraq iki ildən çoxdur, bunu hazırlamaq
istəyirdik. Lakin pandemiyaya görə, zamanında planlarımız təxirə
düşdü. Tamaşanın premyerası indi olacaq. Daha öncə “Era teatrı”nda
belə bir əsər nümayiş olunmayıb. Əslində olduqca çox köhnə,
klassik, bədii bir əsər olsa da, bizim buralar üçün bu tamaşa yeni
sayılır. Tamaşanın saatını da ona görə seçdik ki, regiondan gələn
izləciyələrimiz üçün əlverişli olsun”.
Anar Rafiqoğlunun dediyinə görə, tamaşanı hazırlamaq onlar üçün çox
çətin olub. Ona görə ki, onlar tamaşaya parklarda
hazırlaşıblar.
“Mən illər öncə aktyor kimi, daha sonra rejissor kimi
fəaliyyət göstərmişəm və indiyə qədər bir çox tamaşaların
hazırlanmasında yer almışam. Mənim çətinliklə hazırladığım
tamaşalarım çox olub. Bu, onlar içərisində ən çətin şəraitdə
hazırladığım tamaşadır deyə bilərəm. Sosial şəbəkələrdəki
hesablarmızda da paylaşımlar etmişik. Bildiyiniz kimi, "Era teatrı"
artıq bir neçə aydır ki, məkansız qalıb. Bizim bir yerə toplaşaraq,
məşq etmək üçün məkanımız yoxdur. Son zamanlar tamaşalarımızı
parklarda hazırlayırıq. Bu tamaşa da parklarda hazırlanıb. Əlbəttə
bizim üçün çətin oldu. Parklarda ətrafdan gələn səs-küy, bəzən
ətrafdan baxan insanların qəribə baxışları, bunların çərçivəsində
tamaşa hazırlamaq çox çətindir. Nə edək, belə oldu. Bundan da
narazı deyilik. Əksinə, hər zaman qeyd edirdim ki, bu şəraitdə
tamaşa hazırlana biləcəyini bütün ölkəyə və cəmiyyətə göstərmək
istəyirəm. Bu tamaşanın heç bir maddi dəstəkçisi yoxdur. Tamaşa
"Era teatrı"nın öz hesabına və imkanlarına
hazırlanıb”.
“Bir dəlinin gündəliyi” əsərindən əlavə onların hazırladığı başqa
bir tamaşa yenə var. Rafiqoğlunun dediyinə görə, artıq həmin tamaşa
da premyeraya hazırdır.
“Bizim bu tamaşadan öncə hazırlığına başladığımız
tamaşa mövcuddur. Həmin tamaşanın rejissorluğunu bizim teatrın
direktoru Namiq Hacıyev edir. Tamaşa Azərbaycan klassiklərindən
olan Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” pyesi əsasında
hazırlanıb. O tamaşa demək olar ki, hazırdır. Sadəcə olaraq
tamaşanın premyerası üçün son hazırlıq işləri gedir. Böyük
ehtimalla bu tamaşanın premyerasından sonra, o tamaşanın da
premyerası baş tutacaq. Hər iki tamaşa Azərbaycan dilində
olacaq”.
Anar Rafiqoğlunun dediyinə görə, biletlər yaxın günlərdə satışa
çıxarılacaq. Biletlərin nə vaxt satışa çıxarılacağı və haradan əldə
olunacağı ilə bağlı məlumatlar “Era teatrı”nın sosial media
hesablarında paylaşılacaq.