Marneuli şəhər 1 saylı uşaq bağçasında tədris prosesi oktyabrda
bərpa olunacaq.
Bu barədə Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov məlumat
verib. Onun sözlərinə görə, təmir prosesi başa çatmasına
baxmayaraq, Qızılhacılı kənd uşaq bağçası tədris prosesinə 15
sentyabrda başlaya bilməyəcək.
“1 saylı bağçada inventar almaq üçün artıq tender elan
olunub və tezliklə iş prosesi başlayacaq. Tədris prosesi oktyabrda
bərpa olunacaq, ancaq dəqiq tarix hələ məlum deyil. Qızılhacılı
uşaq bağçasında təmir işləri başa çatıb, tədrisin nə zaman
başlayacağı bilinmir. 1 saylı bağçada ümumilikdə 201 uşaq qəbul edə
bilərik, eləcə də Qızılhacılı uşaq bağçası da 210 uşaq üçün nəzərdə
tutulub”, – Kərəmov bildirdi.
1 saylı uşaq bağçasına mebel almaq üçün Marneuli bələdiyyəsinin
Uşaq Bağçaları Birliyi 109 717 lari dəyərində tender elan etmişdi.
Birlik 1 sentyabrda əlavə iki tender də elan edib. Həmçinin, Uşaq
Bağçaları Birliyi 48 750 lariyə Marneuli 1 saylı və Saimerlo kənd
uşaq bağçası üçün parça ləvazimatlarının alınmasını planlaşdırır.
Marneuli 1 saylı və Qızılhacılı kənd uşaq bağçasına mətbəx
ləvazimatlarının alınması üçün isə 39 970 lari xərclənməsi
planlaşdırılır.
Marneuli bələdiyyəsində ümumilikdə 14 uşaq bağçası var. Onlardan
2022-2023-cü tədris ilində yalnız 11 bağça tədris prosesini bərpa
edəcək.