Litvanın Vilkavişki şəhərinin meri Marneulidə səfərdədir
Litvanın Vilkavişki şəhərinin meri və Litvanın Gürcüstandakı səfirinin müavini 17 oktyabr tarixində Marneuliyə səfər ediblər.

Marneuli bələdiyyəsinin meri Kənan Ömərov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, Vilkavişki meri Marneuliyə onun dəvəti ilə gəlib.

"Qonaqlarımız rəsmi səfərlə gəliblər. Rəsmi görüşdə biz bələdiyyələrimiz arasında dostluq məsələləri və gələcək əlaqələr barədə danışdıq", – Kənan Ömərov bildirdi.

Marneuli merinin sözlərinə görə, Marneuli və Vilkavişki bələdiyyələri arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə ola bilər. Bununla əlaqədar gələcəkdə də işgüzar görüşlər həyata keçiriləcək.

Vilkavşiski bələdiyyəsinin meri Alqirdas Neiberka "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, Vilkavişki və Marneuli bələdiyyələri bir-birinə çox bənzəyir. Bu gələcək əməkdaşlığı da asanlaşdıracaq.

"Vilkavişki bələdiyyəsində 10 000 nəfər yaşayır. Marneulidə isə 20 000. Hər iki bələdiyyə kənd təsərrüfatı ilə fərqlənir və əhali də fermerliklə məşğuldur. Vilkavişki də Marneuli kimi iki ölkə ilə sərhəddir. Marneulinin qonşuları Ermənistan və Azərbaycandır. Vilkavişkinin qonşuları isə Rusiya və Polşadır. Sizin rayon da, bizim rayon da əyalətdir və düşünürəm ki, ortaq çox şeyimiz var", – Alqirdas Neiberka bildirdi.

Vilkavişki merinin sözlərinə görə, bu gün baş tutan görüşdə Marneuli bələdiyyəsinin yerli özünüidarə nümayəndələri ilə gələcək planlar barədə danışıblar. Mədəniyyət və idman istiqamətində əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə ediblər.

Marneuli və Vilkavişki yerli özünüidarə nümayəndələri arasında bu gün, 17 oktyabr tarixində ilk dəfə görüş baş tutub. Marneuli merinin sözlərinə görə, iki ölkə bələdiyyələri arasında əməkdaşlıq gələcəkdə də davam etdiriləcək və müxtəlif layihələr həyata keçiriləcək. 

Qeyd edək ki, Litvanın Vilkavişki şəhər merinin rəsmi səfəri barədə məlumat "Marneuli" radiosuna şəhərdə Litva bayrağının asılması ilə məlum olub.

"Marneuli" Radiosu
Print
თეგები: Gürcüstan Litva Marneuli Marneulifm