Dmanisili mülki fəallar büdcə təşəbbüsü ilə yerli özünüidarəyə müraciət ünvanlayıblar
16 noyabr tarixində Dmanisi bələdiyyəsində yaşayan etnik azərbaycanlı gənclər Dmanisi yerli özünüidarəsinə müraciət ünvanlayıblar.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Salam”ın təsisçilərindən Rabil İsmayıl məlumat verdi.

Onun sözlərinə görə, 2021-ci ildən etibarən ilk olaraq Marneulidə başladıqları layihəni bu il artıq Dmanisi və Bolnisi bələdiyyələrində də davam etdirirlər. Layihə çərçivəsində sakinləri narahat edən problemlərlə maraqlanır və apardıqları araşdırmaların nəticələrini və bələdiyyələrdə yaşanan problemləri rəsmi şəkildə yerli özünüidarəyə təqdim edirlər.

“Bizim bir layihəmiz var, paralel olaraq Dmanisi, Bolnisi və Marneulidə həyata keçirilir. Araşdırmalar və təşviqatdan ibarətdir. Bunun bir hissəsi də odur ki, petisiyalar imzaladaq, ərizələr yazaq. Dmanisidə apardığımız araşdırmada iki tələb var idi və gənclərlə düşündük ki, bunu büdcə layihəsi şəklində gənclər adından təqdim etsək, daha yaxşı olar. Birincisi uşaq bağçaları problemidir. Uşaq bağçaları ümumiyyətlə azərbaycanlıların yaşadığı kəndlərində yoxdur. Gənclərin verdiyi büdcə təşəbbüsü isə 4 icmada uşaq bağçasının tikilməsini nəzərdə tutur. Bunlar Yırğançay, Hamamlı, Qarabulaq və Oruzman kəndləridir. Biz düşündük ki, ən yaxın tarixlərdə uşaq bağçalarının tikintisinə başlanılmalıdır. Düşünürük ki, eyni zamanda bələdiyyədə etnik azlıqların dilində xidmət olsun, ərizələrin tərcüməsi olsun, qanunların, saytların tərcümələri olsun və s. Buna isə Dmanisinin ayrı-ayrı kəndlərindən olan 10 nəfər gənc imza atdı”.

Rabil İsmayıl deyir ki, həyata keçirdikləri layihə çərçivəsində bir çox yeniliklər edib, mer və nümayəndələri ilə görüşlər keçiriblər. Onun sözlərinə görə, keçirdikləri görüş nəticəsində araşdırmaların nəticələrini bələdiyyə başçılarına təqdim edib, onları məlumatlandırıblar.

“Bizim layihəmiz 2021-ci ildən Marneulidə seçkilər zamanı araşdırma, debatlar, verilişlər hazırlamaqla başladı. Daha sonra 2022-ci ildə layihəmizi böyütdük və Dmanisi, Bolnisiyə keçdik. 2022-ci ildə 3 bələdiyyənin hər birində merlərlə qapalı formada görüş keçirdik. Dmanisidə mer və merin müavinləri və digər şəxslərlə görüşdük, araşdırmalarımızla bağlı məlumat verdik. Bəzən bağçalar problemini gündəmə gətirəndə deyirlər ki, büdcə problemi var. Yaxud deyirlər bizə müraciət edən olmayıb, ona görə də çalışırıq ki, rəsmi şəkildə ərizə ilə müraciət edək. Bolnisinin Darvaz kəndində bağça tikiləcəyi ilə bağlı müsbət cavab aldıq. Lazım olanda qəbul edirlər. Əvvəllər deyirdilər – yox, nə problem var ki?! – Amma indi problemin olduğunu qəbul edirlər”.

Məlumat üçün bildirək ki, 15 noyabr tarixində Bolnisidən olan mülki fəallar 652 sakinə petisiya imzaladaraq Darvaz kəndində bağça tikilməsi tələbi ilə yerli özünüidarəyə müraciət ünvanlamışdılar. Yerli özünüidarə isə 17 noyabr tarixində rəsmi “Facebook” səhifəsində paylaşım etmişdi. Bələdiyyənin paylaşımında siyahıda Darvaz kəndində bağçanın tikiləcəyi də qeyd olunmuşdu.

"Marneuli" Radiosu

Print
თეგები: Bolnisi dmanisi Marneuli